Ermənistan ölkə iqtisadiyyatına investisiya qoyulmamasından təəcüblənir. İrəvan düşünür ki, durmadan sərmayədən danışmaqla və ya investisiyalarla məşğul olan strukturlar yaratmaqla problem həllini tapacaq. Lakin bunun əski müşahidə olunur.
Bu gün Ermənistanda investorları dəstəkləmək və iqtisadiyyata investisiyaları stimullaşdırmaq üçün müxtəlif strukturlar fəaliyyət göstərir: "İnvestisiyaya Dəstək Mərkəzi”, "Ermənistanın Dövlət Faiz Fondu” və s. Bu yaxınlarda daha bir anoloji qurum yaradılıb. İnvestisiya Komitəsi adlanan qurumun fəaliyyətinin məqsədi investisiya proqramı layihələrinin seçilməsi, prioritetlərin müəyyən edilməsi və təsdiqi olacaq.
Ekspertlər hesab edir ki, yalnız bu addımlarla investorları ölkəyə cəlb etmək mümkün olmayacaq. Bu bir həqiqətdir ki, bu gün Ermənistan iqtisadiyyatına investisiyaların, xüsusən də xarici investisiya axınının aktivliyi gözlənilmir.
İki il əvvəl Ermənistanda avtobus istehsalı üzrə investisiya proqramının həyata keçirilməsi planlaşdırılırdı. Söhbət Ermənistan-Koreya avtobuslarının istehsalından gedir. Bu məqsədlə dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində hökumət proqramı təsdiqləndi, hətta pul da ayrıldı.
Proqram təsdiqlənəndən sonra Ermənistanın avtomobil istehsal edən ölkəyə çevriləcəyi barədə çox danışıldı. Əslində gündəmdə xaricdən ehtiyat hissələri gətirərək Ermənistanda avtobus yığmaq məsələsi var idi. Amma hətta bu da baş vermədi. Həmin proqram çoxdan unudulub. Onun mövcud olub-olmadığı və ya ləğv edildiyi də məlum deyil. Bu fakt Ermənistanda investisiya proqramlarının necə həyata keçirildiyini göstərir. "Avtobus layihəsi” kimi digər layihələr də kağız üzərində qalıb.
2021-ci ilin əvvəlində hökümət kənd təsərrüfatı sahəsində gözlənilən təsirli artımdan həvəslə danışırdı. İlin sonunda isə məlum oldu ki, kənd təsərrüfatında nəinki artım var, əksinə, geriləmə müşahidə olunur.
Bəzi erməni ekspertlərin proqnozlarına görə bu il investisiyalarda müəyyən artım gözləmək olar. Lakin onların həcmi o qədər kiçikdir ki, ciddi investisiyalardan, xüsusən də birbaşa xarici investisiyalardan danışmaq mənasızdır.
Son illərdə birbaşa xarici investisiyalar əsasən 250 milyon dollar təşkil edib ki, bu da öz növbəsində Ermənistan iqtisadiyyatı üçün böyük pul deyil.
Bu gün Ermənistan iqtisadiyyatı xarici kapitalın cəlb edilməsi baxımından geri qalmaqda davam edir. Keçən il ölkədə hətta bank kapitalı axınında da azalma oldu. Kredit qoyuluşlarında da 400-450 milyon dollar azalma müşahidə olunur.
Səbəblər təkcə iqtisadi deyil, həm də geosiyasidir. Son illər regiondakı qeyri-müəyyənlik və gərginlik səbəbindən Ermənistan investisiya mühitinin problemləri daha da kəskinləşib.
Xüsusilə Rusiya-Ukrayna münaqişəsi və Qərbin tətbiq etdiyi sanksiyalardan sonra Rusiyadan gözlənilən investisiyalar ümumiyyətlə sual altına düşüb. Bu arada Rusiya Ermənistanın əsas investisiya tərəfdaşlarından biri olub.
Belə bir şəraitdə investisiyaları dəstəkləyən nə qədər yeni strukturlar, komitələr yaradılsa da, vəziyyət dəyişməyəcək. Problemlər bu və ya digər strukturun yaradılmasından qat-qat ciddidir.
Telman Qasımov