Dünya 18:30 25.05.2023

“Ermənistan KTMT-dən uzaqlaşır” - Ekspert

"KTMT Müdafiə Nazirləri Şurasının Minskdə keçirilən tədbirində Ermənistan müdafiə nazirinin iştirak etməməsinə İrəvanın Rusiyadan uzaqlaşmaq yolunda atdığı addımların yeni mərhələsi kimi baxmaq lazımdır”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev KTMT Müdafiə nazirlərinin Minsk görüşündə Ermənistan müdafiə nazirinin iştirak etməməsini şərh edərkən deyib:
 
"Ermənistan tərəfindən Rusiya ilə mümkün bağların qırılması fəaliyyətinə Paşinyanın hakimiyyətə gəlməsindən sonra başlanılıb. Xüsusən də 44 günlük müharibədən sonra Paşinyan KTMT-nin əsas qolu olan Rusiyanın Ermənistanın təhlükəsizliyi ilə bağlı məsələlərdə əhəmiyyətli rol oynamadığını əsas gətirərək, bu qurumda iştirakdan imtinaya cəhd edir. İrəvan keçən il KTMT-nin Ermənistanda keçirilməli olan təlimlərindən də imtina etdi. Sonrakı digər tədbirlərdə də İrəvan könülsüz iştirak edib. Paşinyanın Qarabağı Azərbaycan ərazisi olaraq tanımasından sonra Rusiyalı politoloqların ermənilər əvəzindən məsələni baş nazir əleyhinə qara piar kampaniyasına çevirmələri də göstərir ki, iki ölkə arasında münasibətlər doyumağa doğru getməkdə davam edir. Bu münasibətlərin necə sonuclanacağını zaman göstərəcək. İstər Paşinyanın özünün mühafizə xidmətini gücləndirməsi, istər onun övladının oğurlanması hadisələri onu göstrir ki, Rusiya həqiqətən də erməni baş nazirinin ya məhv edilməsi, ya da siyasi hakimiyyətdən uzaqlaşdırılması istiqamətində ciddi tədbirlər görür. Paşinyan da bundan ən yaxşı qurtuluş  yolunu Rusiya ilə olan bağların qoparılmasında görür”. 

Qeyd edək ki, Ermənistanın müdafiə naziri Suren Papikyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Müdafiə Nazirliyi Şurasının Minskdə keçirilən iclasında iştirak etməyib.  Bunun səbəbini Ermənsitan Müdafiə Nazirliyinin sözçüsü Papikyanın Ermənistan  hökumətinin iclasında iştirak etməsilə əlaqələndirib. KTMT-nin iclasında isə Papikyanı  Ermənistan MN-in KTMT Birgə Qərargahındakı nümayəndəsi Artak Tonoyan əvəz edəcək. 

Rüfət Sultan