Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyə səfərinin ardınca dərhal Ermənistana gəlib. Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova Lavrovun İrəvanda Ermənistan, Azərbaycan və Rusiya liderləri arasında 10 noyabr 2020-ci il, 2021-ci il 11 yanvar və 26 noyabr tarixli sazişlərin icrası ilə bağlı ətraflı fikir mübadiləsi aparacağını bildirib. Eyni zamanda, Lavrov iyunun 10-da KTMT xarici işlər nazirlərinin iclasında iştirak edəcək.
Ermənistan xarici işlər nazirliyi Rusiya XİN rəhbərinin baş nazir Nikol Paşinyan və prezident Vaaqn Xaçaturyan və erməni həmkarı Ararat Mirzoyanla görüşəcəyini bildirib.
Bu arada yayılan məlumata görə, səfər baş tutan dəqiqələrdə İrəvanın "Zvartnots” hava limanında bomba olması ilə bağlı zəng daxil olub. Xilasedicilər "Zvartnots" hava limanının ərazisinin minalanması barədə xəbəri yoxlayıblar. Yoxlamanın detalalrı barədə heç bir məlumat verilməyib.
Sergey Lavrovun İrəvana səfərini Qaynarinfo-ya şərh edən politoloq Əlimusa İbrahimov bildirib ki, Rusiyalı diplomat Türkiyədə Çavuşoğlu ilə bir sıra mühüm məsələləri müzakirə edib:
"Ankarada aparılan müzakirələrin bir qismi Ermənistanla bağlıdır. Odur ki, Lavrov bu məsələlərlə bağlı İrəvanla da məsləhətləşmələr aparmalıdır. Digər tərəfdən, Lavrovun Ankaradan dərhal İrəvana uçması Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan arasındakı münasibətlərin müzakirəsilə bağlı ola bilər. Lavrovun İrəvan səfərində əsas məqsədi KTMT xarici işlər nazirlərinin iclasında iştirak etməkdir.
Görünən budur ki, Lavrov və Çavuşoğlu görüşündə regionumuzda gedən proseslər müzakirə olunub. Şübhəsiz ki, bu fonda müəyyən razılaşmalar da əldə edilib. Ankara bu məsələ ilə bağlı müəyyən detalları Rusiya qarşısında qaldırıb. Lavrov da İrəvana gələrək Ermənistanın Türkiyə-Azərbaycan gündəminə yardım etməsinin vacibliyini vurğulayıb. Ehtimal edirəm ki, qısa zamanda İrəvan səsləndirdiyi bəyanat və atdığı addımlarla Lavrovun səfərinin əsl məqsədlərini göstərəcək”.
Rüfət Sultan
Şərhlər