Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) ölkə vətəndaşlarına müraciət edib.
Qaynarinfo TASS-a istinadən xəbər verir ki, qurum vətəndaşlara müxalifət partiyalarının etirazları fonunda respublikada kütləvi iğtişaşlar təhlükəsi barədə
xəbərdarlıq edib. Bildirilib ki, hazırda Ermənistanda kütləvi iğtişaşların təşkili və keçirilməsi ilə bağlı real təhlükə mövcuddur:
"Müxalifət partiyalarının etiraz aksiyaları fonunda ölkədə kütləvi iğtişaşların baş verməsi təhlükəsi var. MTX məlumat verir ki, hazırda Ermənistanda kütləvi iğtişaşların təşkili və keçirilməsi ilə bağlı real təhlükə mövcuddur. Bununla əlaqədar olaraq, vətəndaşları mümkün təxribatlara uymamağa, yüksək vətəndaşlıq məsuliyyəti nümayiş etdirməyə, nifrət və düşmənçiliyin qızışdırılması, həmçinin zorakılığa təhrik kimi yolverilməz hərəkətlərdən çəkinməyə çağırırıq”.
Xatırladaq ki, aprelin 25-dən etibarən Ermənistanda müxalifətin genişmiqyaslı etiraz aksiyaları keçirilir. Nümayişlərdə ölkənin ikinci prezidenti olmuş Robert Koçaryanın "Ermənistan” blokunun, Respublikaçılar Partiyasının və Artur Vanesyanın "Şərəfim var”parlament blokunun tərəfdarları iştirak edirlər.