Ermənistan müxalifəti bu gündən etibarən Fransa meydanında quraşdırılan çadırları yığır. Bununla bağlı qərarı dünən mitinqdə "Müqavimət” hərəkatının üzvü İşxan Sağatelyan verib.
Qaynarinfo bu barədə erməni mediasına istinadla xəbər verir.
Belə ki, İ. Sağatelyan çıxışında bildirib ki, çadırlar öz işini tam yerinə yetirib və hərəkatın potensialını artırmaq, yeni yanaşmalar qəbul etmək, platformanı genişləndirmək, aydın fəaliyyətlər planlaşdırmaq üçün onları yeni hədəf gözləyir, buna görə də hərəkatın strukturunu və məzmununu dəyişmək qərarına gəliblər.
Onun sözlərinə görə, müxalifət öz taktikasını dəyişmək zərurəti ilə üzləşib.
"Biz planlaşdırdığımız addımları tam şəkildə həyata keçirmişik, lakin bu səlahiyyətlilərin davranışı bizim planlarımıza öz təsirini qoyub. Demək lazımdır ki, Paşinyanı qəbul etməyənlərin sayı meydanda dayananlardan çoxdur, bəli, biz hamını meydana çıxara bilmədik”, - deyən Sağatelyan onların təşkilati qüsurlarının olduğunu da bildirib.
O, qeyd edib ki, mübarizə nəticəsində "Lao” ayılıb (Erməni milli şüurunun oyanış simvolu. – red.) və nəhayət məlum olub ki, Qarabağın təhlükəsizliyindən narahat olmayan çox az adam var. Sağatelyanın sözlərinə görə, hərəkat cəmiyyətin geniş təbəqələrini birləşdirib.
Bundan başqa, onun sözlərinə görə, beynəlxalq ictimaiyyət başa düşüb ki, burada ləyaqətli insanlar var və ona digər heç bir həll yolu təklif oluna bilməz.
"Ölkə daxilində, xarici dünyaya sübut olundu ki, hökumətin yeni güzəştlər üçün xalq tərəfindən heç bir mandatı yoxdur. Sübut etdik ki, ölkənin sahibi bizik, xalqı dayandırmaq mümkün deyil. Xalqın 90%-i Qarabağın Azərbaycanın tərkibində olmasına qarşıdır. Bunlar sosioloji sorğunun nəticələridir”, - deyə Sağatelyan bildirib.
O əlavə edib ki, hərəkat hazırda yeni kapitulyasiyaya imza atmaq imkanının qarşısını alıb. Bundan başqa, hərəkat Qarabağ ermənilərini və diasporu ayağa qaldırmağı da bacarıb.
O, milli mübarizənin son məqsədinə çatana qədər hərəkatın dayanmayacağını da bəyan edib.
"Biz çox vacib suallara cavab vermək, birlikdə qərarlar qəbul etmək, irəli getmək üçün buradayıq. Bu qərarlar hərəkatımızın bundan sonrakı gedişatını, inkişafını, məqsədlərinin qəti şəkildə həyata keçirilməsini təmin etməlidir. Məqsəd eynidir: ermənilərin Qarabağdan qovulmasının, Ermənistanın türkləşdirilməsinin qarşısını almaq, Ermənistanın suverenliyinə qarşı təhdidləri neytrallaşdırmaq və buna nail olmaq üçün şərin gücünü aradan qaldırmaq, bu prosesi dayandıracaq milli hökumət qurmaq. Ona görə də bu hərəkatın məqsədi və missiyası müqəddəsdir və yuxarıda qeyd olunan məsələlər həll olunmayana qədər bu hərəkat dayanmayacaq”, - deyə İşxan Sağatelyan bəyan edib.