Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb və ona rusiyalı jurnalist Vladimir Solovyovun açıqlamalarına görə etiraz notası təqdim edilib.
"Report" xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
"Rusiyanın Ermənistandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və ona dövlət telekanalının proqramının efirində səsləndirilən açıqlamalarla bağlı dərin narahatlığın ifadə olunduğu etiraz məktubu təqdim edilib. Bu açıqlamalar Ermənistan Respublikasının suverenliyinə qəbuledilməz müdaxilə, düşmənçiliyin təzahürü və Ermənistanla Rusiya arasında dostluq münasibətlərinin təməl prinsiplərinin kobud şəkildə pozulmasıdır", - Ermənistan XİN-in mətbuat katibi Ani Badalyanın açıqlamasında deyilir.
Bu gün Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan Vladimir Solovyov barəsində kəskin fikir bildirərək onu "it" adlandırıb.
"İt hürər, karvan keçər. Bu halda it rusiyalı iş adamı Samvel Karapetyanın yaxın dostu və həmyerlisi Solovyov, karvan isə möhkəm sülhə və inkişafa doğru inamla irəliləyən sevimli ölkəmizdir", - o, sosial şəbəkələrdə yazıb.
Xatırladaq ki, Vladimir Solovyov bu yaxınlarda Ermənistanı itirməyin Rusiyanın maraqlarına zidd olduğunu söyləyib. Bundan başqa, teleaparıcı təkcə Ukraynada deyil, "Rusiyanın təsir dairəsinin olduğu digər regionlarda, xüsusilə də, Ermənistanda "xüsusi hərbi əməliyyatların" keçirilməsinin zəruriliyini bildirib.
Şərhlər