Xəbər lenti

Ermənistan Türkiyə ilə sərhədi açmaqda maraqlıdırmı? (ŞƏRH)
Dünya10:34 05.09.2023

Ermənistan Türkiyə ilə sərhədi açmaqda maraqlıdırmı? (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Son zamanlar Ermənistanda Türkiyə ilə əlaqələrin qurulması çağırışları artıb. Ermənistanın İqtisadiyyat Nazirliyindən yazılı sorğuya cavab olaraq bildiriblər ki, ölkənin xarici ticarətində Türkiyənin payı 1 faizdir. İrəvanla Ankara arasında birbaşa ticarətə başlanacağı təqdirdə isə bu rəqəm 10 faizə çata və ya daha çox arta bilər. Şöbə aydınlaşdırıb ki, onların bu məsələ ilə bağlı öz təhlilləri yoxdur və məlumatlar orta hesabla və bir sıra beynəlxalq strukturlardan götürülüb. Belə ki, Dünya Bankının məlumatına görə, Ermənistandan Türkiyəyə ixrac potensialı ölkənin ÜDM-nin 15-19 faizini təşkil edir. 
Almaniyanın "German Economic Team” konsaltinq şirkətinin fikrincə, İrəvanla Ankara arasında birbaşa ticarətin açılması İrəvandan Türkiyəyə ixrac payının Ermənistanın ümumi ixracının 6,7 faizə qədər artmasına və Ermənistandan idxalın da artmasına  səbəb olacaq. Eyni zamanda, Asiya İnkişaf Bankı  (AİB) hətta Azərbaycan və Türkiyə ilə sərhədin açılacağı təqdirdə Ermənistanın xarici ticarət kəsirinin 30-50 faizə qədər azalacağını proqnozlaşdırır. 
"Dənizə çıxışı olmayan istənilən respublika üçün qonşu ölkələr təkcə ticarət bazarı deyil, həm də üçüncü ölkələrə tranzit yollarıdır”, - cavabda deyilir. 
Ermənistanın İqtisadiyyat Nazirliyi vurğulayıb ki, Azərbaycan və Türkiyə ilə sərhədin bağlanması Ermənistanın xarici ticarət imkanlarını azaldır, yükdaşımalar üçün alternativ marşrutları məhdudlaşdırır. Bu da Ermənistanın yükdaşıma bazarında rəqabət qabiliyyətinə mənfi təsir göstərir və onların baha olmasına gətirib çıxarır. Dünya  İnkişaf Bankının fikrincə, Ermənistan və Türkiyə arasında yoldan istifadə maliyyə faydalarından əlavə, yükdaşıma və xidmətlərin əlçatanlığının artmasına səbəb olacaq. Göründüyü kimi, Ermənistan Türkiyə və Azərbaycanla münasibətlərin normallaşmasından uda və bununla da öz iqtisadi imkanlarını artıra bilər. Amma nədənsə 44 günlük müharibədə məğlubiyyətdən sonra belə İrəvan hələ də bu istiqamətdə əsaslı addım atmağa meylli görünmür. Görəsən, Ermənistan özünün inkişafına  xidmət edəcək bu addımları atmaqdan niyə hələ də boyun qaçırır? 
Sözsüz ki, bu bir neçə səbəbdən irəli gəlir. İlk növbədə Ermənistan əhalisi Türkiyə və Azərbaycanla sülh şəraitində yaşayaraq, onlarla ticari əlaqələrin inkişafından daha çox faydalana biləcəklərini anlamalıdırlar. Bunun üçün isə ermənilərin düşüncə tərzi dəyişməlidir. Onlar qonşu xalqlara və dövlətlərə münasibətdə saxta, qondarma iddialarından əl çəkməlidirlər. Amma hələ də ermənilər arasında türk düşmənçiliyi meyli güclü olaraq qalır. Nə qədər ki, bu sayaq çürük meyllər hakim olacaq, Ermənistan qonşu türkdilli ölkələrlə ticari əlaqələri genişləndirib, prosesdən uduşla çıxa bilməyəcək. Ermənistan siyasiləri, elitasının davranışları isə göstərir ki, onlar hələ də köhnə steoreotiplərlə yaşayırlar. 
İkinci bir tərəfdən, İrəvanın Ankara və Bakı ilə iqtisadi əlaqələrinin genişlənməsində bir sıra ölkələr maraqlı deyil. Bu xüsusda Rusiya, İran və Fransa daha çox seçilir. Həmin əlaqələrin genişlənməsi 3 qonşu xalq arasında münasibətlərin sivil müstəviyə qədəm qoymasına gətirib çıxaracaq ki, belə vəziyyətdə yuxarıda qeyd olunan dövlətlər daha ermənilərdən öz məqsədləri naminə alət olaraq istifadə edə bilməyəcəklər. Belədə isə onların regiona təsir imkanları da heçə enəcək. Məhz buna görə də, bir sıra ölkələr regionda sülh və əmin-amanlığın olmasında maraqlı deyil. Ermənistanın Türkiyə və Azərbaycanla yaxınlaşmasında erməni diasporu da maraqlı deyil. Onlar da var güclərilə çalışırlar ki, belə  bir yaxınlaşma baş tutmasın. Çünki bu halda, erməni diasporu nəinki yürütdüyü işğalçı siyasətlərindən, həmçinin Ermənistanda əldə etdikləri biznes imkanlarından da məhrum ola bilərlər. Onları ilk növbədə öz siyasi və biznes maraqları maraqlandırır, nəinki Ermənistanın qonşularla xoş münasibətlər yaradıb, inkişaf etməsi. Bütün bunların nəticəsidir ki, Ermənistan hələ də qonçuları ilə əlaqə yaradıb, normal müstəvidə inkişaf edə bilmir. 
Rüfət Sultan