
ABŞ Ermənistana 1 milyon dollar həcmində yardım ayırıb.
Bu barədə məlumatı Ermənistan hökumətinin mətbuat xidməti yayıb. Amerikanın Ermənistandakı səfiri Con Heffern baş nazir Tiqran Sərksiyanla görüşündə bu barədə məlumat verib. Baş nazir səfirlə görüşdə bir müddət əvvəl Ermənistanın kənd təsərrüfatının inkişafı üçün ABŞ-dan yardım istədiyi xatırlanıb. Səfir də bildirib ki, Ermənistan tərəfinin bu təklifinə müsbət cavab verilib və 1 milyon dollarlıq yardım göstərilməsi qərara alınıb.
ABŞ-ın USAİD təşkilatı da Ermənistana 43 milyon dollar ayırıb. T.Sərkisyan hökumətin iclasından belə deyib. Baş nazir onu da deyib ki, 2017-ci ilin sentyabrınadək özəl sektorun inkişafına üst-üstə 10 milyon dollar da ayrılacaq.
Qeyd edək ki, ABŞ Nümayəndələr Palatasının xarici ölkələrə Yardım Komitəsi Obama administrasiyasına 2014-cü ildə xarici yardımların miqdarını ötən ilə nisbətən 20 faiz azaltmağı təklif edib. ABŞ-ın erməni icması da Ermənistana yardımın gətirilməsini kəskin şəkildə azaldıb. Ermənistan Milli Statistika Xidmətinin məlumatlarına görə, məsələn, bu ilin yanvar ayında ABŞ-dan göndərilən yardımın həcmi cəmi 337 min dollar təşkil edib. Bu, keçən ilin yanvarı ilə müqayisədə 5 dəfədən də azdır. Erməni lobbisini əsas qıcıqlandıran məsələ budur ki, Ermənistana nə qədər yardım ayrılırsa da, ermənilər yenə də ölkəni tərk edirlər. Məlumatlara görə, erməni lobbisi yaxın illərdə də bu yardımları artırmayacaq. Buna səbəb kimi həm də erməni lobbisi ilə Ermənistan prezidenti Serj Sərksiyan arasında ciddi qarşıdurma göstərilir. Müşahidəçilər belə hesab edir ki, Ermənistanın Rusiyaya yaxınlaşmasından sonra ABŞ-ın ermənilərə diqqəti artırması təbii qarşılanmalıdır.
Ermənistan dünyada biabır olmamaq üçün ölkənin istədiyi maliyyə yardımlarını müxtəlif proqramlar adı altında da alır. Bugünlərdə məlum olub ki, Ermənistan “humanitar mina təmizləmə əməliyyatlarını həyata keçirmək üçün” xarici ölkələrdən maliyyə dəstəyi istəyib.
Ermənistan mətbuatının yaydığı məlumata görə, artıq Ermənistan hökuməti bununla bağlı bir sıra xarici ölkələrə və beynəlxalq təşkilatlara müraciət edib.
Ermənistanın dünyada dilənçi dövlətə çevrildiyini elə bu ölkənin açıqladığı rəsmi rəqəmlərə baxanda tam mənada anlamaq mümkündür. Ermənistan Milli Statistika Xidmətinin məlumatına görə, 2013-cü ilin yanvar-iyul ayında Ermənistan ümumi dəyəri 9.1 milyard dram, yəni 22.1 milyon dollar həcmində humanitar yardım alıb. Yardımların göndərildiyi ünvanlar da o qədər müxtəlifdir ki, sanki Ermənistan bütün dünyaya əl açıb dilənməsi təəssüratı yaranır. İsveçrə, Amerika, Avropa Birliyi ölkələri, MDB...Ermənistana bu il ən çox yardım edən ölkənin də adı məlumdur. İsveçrə ötən illə müqayisədə Ermənistana göndərilən yardımın həcmini 2,5 faiz artırıb (19,6). ABŞ-dan Ermənistana yardım faiz göstəricilərinə görə 21.2%, Avropa Birliyi 24.4%, MDB ölkələrinin yardım payı isə 2.5% olub.
Qeyd edək ki, İsveçrə 2013-2016 illəri əhatə edəcək Cənubi Qafqaz regionunda əməkdaşlıq proqramı çərçivəsində Ermənistana ümumilikdə 31.5 milyon dollar ayıracaq. Bu barədə İsveçrə əməkdaşlıq ofisinin Cənubi Qafqaz ofisinin rəhbəri Rudolf Kox bildirib.
İqtisadçı ekspertlər Ermənistan iqtisadiyyatının bu və digər formada həm xarici yardımlardan, həm də erməni lobbisinin pul kisəsindən asılı vəziyyətə düşdüyünü deyirlər. Onların rəyinə görə, bu yardımlar Ermənistan iqtisadiyyatı üçün uzunmüddətli dayanıqlıq təmin edə bilməz. Çünki belə yardımlar daha çox humanitar sektora yönəldilir. Bunun da təbii ki, real sektora müsbət təsirləri olmur. Ekspertlər onu da qeyd edirlər ki, Ermənistan iqtisadiyyatının ən ciddi problemlərindən biri xarici borcların yüksək olmasıdır. Qeyd edək ki, Ermənistanın xarici borcu 8 milyard dollardan artıqdır.
Regionda özünü tam təcrid halına salan Ermənistan iqtisadiyyatında sosial problemlər ilbəil dərinləşir. Ermənistanın dövlət büdcəsinin gəlirlərinin az olması ölkənin regional büdcədə payının aşağı olmasına gətirib çıxarır. Ermənistan praktiki olaraq qazandığından daha çox xərcləyir. Bu da büdcə kəsirinin daha da artmasına səbəb olur. Ekspertlər hesab edir ki, Ermənistan iqtisadiyyatı sağlam dayaqlar üzərində qurulmadığı üçün hər an çökə bilər.(musavat.com)