Ermənistan Mərkəzi Seçki Komissiyası prezident seçkilərində təşkil olunmuş 1988 seçki məntəqəsinin hamısından gələn nəticələrin sayıldığını bildirib. Alınan nəticələrə görə, hazırkı prezident Serj Sarkisyana seçicilərin 861 min 167 nəfəri, yəni 58,64%-i səs verib. Beləliklə Sarkisyan seçkilərdə qalib gəlib.
İkinci yerdəki Raffi Ovanisyanın 36,75% səsi var. Xatırladaq ki, gecə saatlarında tərəfdarları qarşısında etdiyi çıxışında R.Ovanisyan seçkilərdə qalib gəldiyini bəyan edib.
Üçüncü yerdə keçmiş baş nazir Hrant Baqratyan qərarlaşıb – 2,15%. «Milli özünüdərk» birliyi» partiyasının lideri Paruyr Ayrikyan 1,23%, «Radio Hay»ın rəhbəri Andrias Qukasyan 0,57, eposşünas Vardan Sedrakyan 0,42% və qondarma «Dağlıq Qarabağ Respublikasının keçmiş xarici işlər naziri» Arman Melikyan 0,24% səs toplayıblar.
Ermənistanda keçirilmiş prezident seçkilərində seçicilərin 60,05%-i, yəni 1 milyon 518 min nəfər iştirak edib.
Ovannisyan Sarkisyanın başını "bişirmək" istədi
“Ermənistan xalqı öz qələbəsini bayram edir və bu, hamıya məlumdur”. ANS PRESS-in News.am-a istinadən verdiyi məlumata görə, bunu prezidentliyə namizəd, “İrs” partiyasının lideri Raffi Ovannisyan bəyan edib.
“Mən bütün rəqiblərimə, xüsusilə, Qarabağ uğrunda mübarizədəki xidmətlərinə görə Serj Sarkisyana hörmətlə yanaşıram. Onun adı Ermənistan dərsliklərində qalacaq. Məhz o, xalqın qələbəsini etiraf edən ilk prezident olmalıdır. Raffi qalib gəlməyib, Serj məğlub olmayıb. Seçkilərdə iradəsini ifadə edən xalq qalib gəlib. Xalqımız de-yure seçilmiş prezidentə layiqdir”, - Raffi Ovannisyan deyib.
Raffi Ovannisyan seçilmiş prezident kimi bəyanatlar verib. O deyib ki, xalqın arzusunun həyata keçməsi onun üçün ən vacib şərtdir. Prezidentliyə namizəd deyib ki, ona göstərilən etimadı doğruldacaq və 5 ildən sonra hakimiyyəti gənc nəslə ötürəcək.
Müddətsiz aksiyalar başladı
Yerevanda Ermənistan Mərkəzi Seçki Komissiyasının binasının qarşısında etiraz aksiyası başlayıb.
Trend-in RBK-ya istinadən verdiyi məlumatda bildirilir ki, etirazçılar saxtalaşdırmanın dayandırılmasını tələb edirlər.
Məlumatda bildirilir ki, aksiya iştirakçıları etirazların müddətsiz olduğunu bildiriblər.
Onlar etiraz aksiyasını tələbləri yerinə yetirilənədək davam etdiriləcəyini söyləyiblər.