
"Mnatsakanyan parlamentə vəd verir ki, ermənilərsiz Qarabağ olmayacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında analitik İlkin Həsənli Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın Qarabağın Azərbaycan daxilində gələcəyinin olmaması ilə bağlı bəyanatının arxasında dayanan məkrli planlarından danışarkən deyib. İlkin Həsənli qeyd edib ki, əslində Mnatsakanyanın bu açıqlamasında qəribə görünən heç nə yoxdur:
"Mnatsakanyan hazırkı dövrdə başqa heç nə deyə bilməzdi. Ona görə ki, Ermənistanda hazırda bütün qüvvələr gözləyir ki, kimsə "Azərbaycanla müharibəni bitirək” cümləsini işlətsin və onu günah keçisi çıxartsınlar, daha sonra isə diskussiyalara başlasınlar. Heç kim bunu birinci etməyə cəsarət etmir. Heç kim dedikdə buraya həm hökuməti, həm parlamentdəki müxalifəti, həm də keçmiş hakimiyyətin nümayəndələrini daxil etmək lazımdır. Mnatsakanyanın açıqlaması göstərir ki, bu addımı hökumət birinci atmayacaq. Çünki hökumət Paşinyanın simasında bir dəfə buna cəhd edib və ağır cavab alıb. Ona görə də ikinci dəfə belə cəhd etmək fikrində deyil”.
Politoloqun fikrincə, Ermənistan cəmiyyətinin indiyə qədər yetişdirilməsinə və cəmiyyətdə hakim olan ideologiyaya nəzər salmaq lazımdır:
"Məhz bu ideologiya İrəvanda heç kimi güzəştə getməyə qoymur. Çünki güzəşt ideologiyanın da zədələnməsi və məhvə doğru sürüklənməsi deməkdir. İndiki dönəmdə Ermənistan hökuməti və ya müxalifəti bunu istəyirmi? Məncə yox. Ən azından bunu Mnatsakanyanın çıxışı göstərir. Sadə insanlara gəlincə onlar da məhz bu ideologiyanın əsiridirlər. Əgər insanlar savaşın bitməsini istəsələr, bu ideologiyanı və onu müdafiə edən gücləri silkələcəyəcək. Ermənistan cəmiyyətinin mühafizəkar və dindar olduğunu nəzərə alsaq, indiki dönəmdə onların buna gedəcəyini demək çətindir. Əgər getsələr, bu o deməkdir ki, Ermənistanda çox böyük proseslərə start veriləcək. Bunun üçün isə müharibənin bitməsi və ya heç olmasa müharibənin sonlarının çatması lazımdır”.
İlkin Həsənli bildirib ki, Mnatsakanyanın çıxışını bir tərəfdən Putinin son çıxışıyla uzlaşdırmaq lazımdır:
"Mnatsakanyan parlamentə vəd verir ki, ermənilərsiz Qarabağ olmayacaq, amma digər tərəfdən Putin artıq üçüncü dəfədir deyir ki, konfliktin həlli bütün tərəfləri qane etməlidir. Bütün tərəflər təkcə Ermənistan və Azərbaycan deyil, söhbət həm də Rusiyadan gedir. Putinin 24 saat ərzində İlham Əliyevə iki dəfə zəngi göstərir ki, Azərbaycan Qarabağda böyük üstünlüyə sahibdir və müharibənin taleyini həll edir, bu isə Putini tam narahat edir. Ona görə də Putin maksimum şəkildə Əliyevdən nəsə əldə etmək istəyir və ya nəyəsə məcbur edib dayandırmağa, eləcə də yeni nəsə təklif etməyə çalışır. Mnatsakanyanın ermənisiz Qarabağ ifadəsi məhz bunun məhsuludur. Aydın görünən odur ki, İrəvana hələ də dəstək var və Ermənistan hansısa bir mərhələdə həm də Azərbaycanın dayanacağına ümid edir. Digər tərəfdən isə bir başqa məqam odur ki, İrəvan hətta Qarabağı əldən tam verəcəyi təqdirdə belə Azərbaycanla danışıqlara başlayıb, onu uzatmaq və ümumiyyətlə, yekun razılaşmaya imza atmamaq niyyətindədir. Burada isə Ermənistan istədiyini alana qədər Rusiya tərəfindən açıq dəstəklənəcəyini və müdafiə olunacağını bilir. Ona görə də hələlik iddialı çıxışlar edərək, həm hökuməti ölkə daxilində hücumlardan qorumağa çalışır, həm də Azərbaycanın bunları bildiyini təxmin edərək, ona bir növ mesaj verir ki, danışıqlar masasında bizim də istəklərimizi nəzərə alın, yoxsa bu, heç vaxt bitməyəcək”.
Bahar Rüstəmli