"Ermənistanda növbədənkənar parlament seçkiləri ABŞ-ın layihəsidir. Paşinyan bunu fikirləşəcək ağılın yiyəsi deyil. Əsas məqsəd Rusiyanı buradan çıxarmaq üçün hüquqi status əldə etməkdir ki, onu da ancaq yeni parlamentlə həll edə bilərlər”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev Ermənistanda gələn il növbədənkənar parlament seçkilərinin keçirilə biləcəyi ilə bağlı erməni mətbuatının məlumatını şərh edərkən deyib:
"Növbədənkənar parlament seçkiləri olsa, Paşinyanın mövqeyi indikilə müqayisədə daha da güclənəcək. Bu şəxs müharibədə məğlubiyyətdən sonra seçki keçirdi və qalib gəldi. Növbəti seçkilərə iki il qalıb. Bu müddət ərzində növbədənkənar seçkilərə getməklə Paşinyan yerini daha da möhkəmləndirmək istəyir. Həmin seçkilərdən sonra isə Paşinyan istədiyini edəcək”.
Həmsöhbətimizə görə, Ermənistanın növbədənkənar parlament seçkilərinə getməsi gözləniləndir:
"Qanunvericiliyə görə, parlament üzvlərinin üçdə biri yeni seçkilərin keçirilməsi müraciətini edərsə, bu baş verə bilər. İndiki parlamentdə Paşinyan komandası çoxluq təşkil etsə də, konstitusion üstünlüyə malik deyil. Paşinyan isə indiki dövrdə konstitusion üstünlüyü əldə etməyə çalışır ki, öz istədiyini parlamentdən keçirə bilsin. Çünki Azərbaycanla sülh müqaviləsi bağlansa, habelə delimitasiya razılaşması olarsa, hazırkı qüvvələr nisbətində parlamentdə onların ratifikasiyası çətin olacaq. Yaxud rus qoşunlarının Ermənistandan çıxarılması məsələsi qaldırılsa, mövcud parlamentlə buna da nail olmaq çətindir. Ona görə də növbədənkənar parlament seçkiləri keçirmək niyyəti indiki erməni hökuməti üçün ağıllı fikirdir”.
Qeyd edək ki, Ermənistanın "Hraparak" nəşri gələn il ölkədə növbədənkənar parlament seçkilərinin keçiriləcəyini iddia edib. Nəşrin məlumatına görə, bu barədə ölkənin siyasi dairələrində aktiv müzakirələr gedir. Bildirilir ki, hakimiyyətin bu addımı atmaqda məqsədi siyasi qüvvələri hazırlıqsız yaxalamaq və yeni müxalifətin baş qaldırmasına imkan verməməkdir.
Rüfət Sultan