Ermənistanda daxili siyasi proseslər gərgin olaraq qalır.
Müxalifət liderləri, "Müqavimət hərəkatı”nın üzvləri səhər tezdən İrəvanın müxtəlif yerlərində itaətsizlik aksiyalarına başlayaraq, küçələri iflic vəziyyətinə salıb. Paytaxtda onlarla yolayrıcı bağlanıb, bəzi yerlərdə müxalifət liderləri də aksiyalara qoşulub.
Aksiyada "Türksüz Ermənistan”, "Nikol bizi məhv etmək istəyir”, "Birlik”, "Biz vətənimizin sahibiyik, "Son türkü qovaq” şüarları səsləndirilir. Polis güc tətbiq edərək etirazçıları saxlayır. Qeyri-rəsmi mənbələr bu gün 117 aksiya iştirakçısına qarşı zorakılığın olduğunu və saxlanıldığını bildirir. Polis isə 70 nəfərin saxlanılması barədə açıqlama verib.
"Mənim şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyan İrəvanda keçirilən aksiyalarda polisin ona yumruq atması ilə bağlı fotonu dərc edib. Aksiyada mülkü geyimli şəxsin hər iki ayağını itirmiş və əlil arabasında oturan nümayişçiyə "əgər kişisənsə get türklərə qarşı döyüş” deməsi, iştirakçıları daha da hiddətləndirib.
Bu gün yerli vaxtla saat 11:00 radələrində müxalif siyasi qüvvələrin liderlərinin başçılığı ilə aksiya iştirakçıları İrəvan Dövlət Universiteti ərazisinə yürüş edib və tələbələri aksiyalara qoşulmağa çağırıb. Tələbələrin aksiyalara qoşulmasının qarşısını almaq üçün universitetin bəzi binaların qapılarının bağlanılması qərar verilib. Buna baxmayaraq, nümayişçilərin universitetdə aksiya keçirməsinə maneə ola bilməyiblər.
Ermənistan parlamentinin sədrinin müavini, "Ermənistan” fraksiyasının deputatı İşxan Sağtelyan mətbuat konfransında bildirib ki, onların hökumətlə dialoq üçün bir şərtləri var: Nikol Paşinyanın vəzifəsindən uzaqlaşdırılması. Deputat başqa danışılası heç bir şeyin olmadığını bildirib.
Parlamentdə "Mənim şərəfim var” fraksiyasının rəhbəri Artur Vanetsyan polisin onların mübarizəsini dayandıra bilməyəcəyinə əmin olduğunu bildirərək, bu gün saat 19.00-da hamını mitinq üçün Fransa meydanına dəvət edib.
Vanetsyan bildirib ki, bu gün təkcə İrəvanda deyil, bir sıra rayonlarda da yollar bağlanıb. Hazırda Vanadzor, Vayk, Sisyan və bir sıra şəhərlərdə də yollar bağlandır.
Deputat polisin onların mübarizələrini dayandırmağa, güc tətbiq etməyə çalışdığını, lakin buna nail ola bilməyəcəklərini və güclü olduqlarını, mütləq uğur qazanacaqlarını bildirib.
Saat 15.10 radələrində İrəvan-Ararat avtomobil yolunda gərgin vəziyyət yaranıb. Vətəndaşlar Fransa meydanına yürüş etməyə başlayıblar.
Qeyd edək ki, ölkədə yaranmış gərginliklə bağlı ABŞ-ın Ermənistandakı səfirliyi müxalifətin planlaşdırılan mitinqində polis tərəfindən zorakılıq tətbiq oluna biləcəyi üçün vətəndaşlarını həmin hissələrdən keçməkdən çəkinməyə çağırıb.