Xəbər lenti

İdman 18:47 05.03.2024

Əsgərov millinin rəqiblərini dəyərləndirdi

Bu gün İsveçrənin Nyon şəhərində qadın futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb.

Qaynarinfo-nun məlumatına görə, B liqasında yer alan yığmamızın da rəqibləri müəyyənləşib. Millimiz B liqasının I qrupunda İsveçrə, Macarıstan və Türkiyə ilə qarşılaşacaq.

Komandamızın baş məşqçisi Siyasət Əsgərov püşkatmanın nəticələri ilə bağlı AFFA-nın mətbuat xidmətinə fikirlərini bölüşüb:
"Avropa çempionatının seçmə mərhələsində İsveçrə, Macarıstan və Türkiyə yığmaları ilə qarşılaşacağıq. İsveçrə ilə Macarıstan uzun illərdir ki, qadın futbolunda inkişaf yolundadır. Bu komandalar artıq neçə ildir ki, B liqasının yuxarı yerlərində qərarlaşırlar. Millimiz və Türkiyə yığmasına gəlincə, ilk dəfədir ki, B liqasına yüksəldik və burada bir-birimizə rəqib olduq.  İsveçrə və Macarıstan bizim üçün yeni komandalardır. Çünki indiyədək bu yığmalarla eyni qrupa düşməmişdik. Lakin Türkiyə yığması mənə tanışdır. Bu ölkənin "Fomget" klubunda çalışdığım üçün deyə bilərəm ki, futbolçuları da individual olaraq tanıyıram. Komanda olaraq əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq ki, qrupda ilk pillələrdə qərarlaşaq".

Seçmə mərhələnin oyunları aprel-iyul ayları aralığında keçiriləcək. Turnirin final mərhələsi 2025-ci ildə İsveçrədə təşkil olunacaq.

Səbuhi Həsənov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?