
Ötən il "Azərbaycan Dövlət Dəmir Yolları" QSC-nin sədri Arif Əsgərovun baldızı oğlu Rahib Hüseynovun 48 milyon (bəzi məlumatlarda 70 milyon) manatlıq yeyintiyə görə həbs olunması ilə bağlı xəbərlər yayılmışdı.
Məlumata görə, QSC-nin marketinq şöbəsində çalışan Rahib Hüseynov sahibkarları aldadaraq pulları mənimsəyib və bu işdən Arif Əsgərov məlumatlı olub, yəni rəis özü bu işdə birbaşa maraqlı olub. Məsələnin üstü açılanda Arif Əsgərov və oğlunun təkidi ilə cinayəti Rahib Hüseynovun üzərinə qoyublar və ona söz veriblər ki, səni həbsdən qurtaracağıq. Ancaq ata və oğul Əsgərovlar verdikləri vədi yerinə yetirmədikləri üçün Rahib Hüseynovun anası, yəni Arif Əsgərovun baldızı Lətifə xanım Hüseynova bir neçə dəfə özünə qəsd etmək istəyib və əlində olan faktları açıqlayacağını bəyan edib. Yazılanlardan o da məlum olur ki, həmin 48 milyon manat pul Arif Əsgərovun oğlu Elnar Əsgərovun rəhbərlik elədiyi şirkətə köçürülüb.
Bu mövzuda bütün yazılanları təhlil edəndə məlum olur ki, 48, yaxud 70 milyonun mənbəyi göstərilmir. Ümumi şəkildə qeyd olunur ki, bu pul sahibkarlardan yığılıb. Ona görə də ortaya xeyli suallar çıxır. Ancaq bu günədək mətbuatda yazılanlarda bir maraqlı epizod var. Rahib Hüseynovun həbsindən bir neçə gün əvvəl Arif Əsgərovun yaxın adamlarından biri (adını yazmırıq.red) Rahibin özü ilə gəzdirdiyi noutbuku onun əlindən alıb. Rahib Hüseynov Əsgərovların göstərişi ilə gördüyü bütün qara işlərlə bağlı məlumatları həmin kompyuterdə saxlayırmış. Görünür, kompyuterin alınmasında məqsəd həmin məlumatları ələ keçirmək olub.
48 milyonun sorağı xaricdən - Avstriyadan gəldi...

Uzun müddətdir ki, gündəmdə olan bu qalmaqallı olayla bağlı yeni məlumatlar ortaya çıxıb.
Qaynar.info xəbər verir ki, Qafqaz Xəbər Agentliyinə (qafqaznews.az) mötəbər mənbədən daxil olan məlumata görə, 48 milyonun izi gedib Avstriya dövlətinə çıxır. Bəli, Arif Əsgərovun oğlanları Avstriyada təhsil aldıqları vaxt həmin ölkənin iş adamları ilə müəyyən əlaqələr qurublar. Və sonradan bu əlaqələrdən xeyli sayda avstriyalı sahibkar külli miqdarda ziyan çəkib. Yəni Əsgərovlar mədəni şəkildə əcnəbi iş adamlarına atıblar və pulları qaytarmaq istəməyiblər. Belə olan halda həmin avstriyalı iş adamları öz ölkələrinin başçılarından kömək istəyiblər. Avstriyanın başçısı da Azərbaycan rəhbərliyinə üz tutub və beləcə axırda məsələnin həlli nəqliyyat naziri Ziya Məmmədovdan sərt formada tələb olunub. Ziya Məmmədov isə Arif Əsgərova bu əməllərinə son qoymağı tələb edib.
Mövzunu davam etdirəcəyik. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Qaynar.info