Kornel Universitetinin mühəndisləri beş dəqiqədən az vaxta enerji yığa bilən innovativ litium batareyasını nümayiş etdirərək rekorda imza atıblar.
Qaynarinfo xəbər verir ki, "Litium batareyalarının sürətli doldurulması və uzunmüddətli saxlanması” adlı araşdırma "Joule” jurnalında dərc
olunub.
Məqalənin müəllifi kimya və biomolekulyar mühəndislik üzrə magistr tələbəsi Şuo Tsindir.
Texniki elmlər üzrə professor və Kornel Mühəndislik Kollecində fakültə dekanı Linden Arçer vurğulayıb ki, "məsafə narahatlığı” nəqliyyatın elektrikləşdirilməsinə əsas maneədir. Onun komandası bu problemi ağıllı elektrod dizaynı vasitəsilə həll edə bilib. "Əgər siz elektromobilin akkumulyatorunu beş dəqiqəyə doldura bilirsinizsə, uzun məsafələri qət etmək üçün böyük batareyaya ehtiyacınız yoxdur. Bu, elektrikli nəqliyyat vasitələrinin qiymətini azaldır və daha geniş tətbiqi təşviq edir”, - Arçer qeyd edib.
Litium-ion batareyalar yüngülliyi, etibarlılığı və enerji səmərəliliyinə görə elektrik avtomobillərində və smartfonlarda geniş istifadə olunur. Bununla belə, onların doldurulması üçün uzun müddət tələb olunur və böyük cərəyan sıçrayışlarına tab gətirə bilmirlər.
Tədqiqatçılar indiumu sürətli doldurma üçün perspektivli material kimi müəyyən ediblər. Əsasən sensor displeyləri və günəş panelləri üçün örtüklərdə istifadə olunan indium batareya anodu kimi iki əsas xüsusiyyətə - aşağı enerji miqrasiya maneəsi və orta mübadilə cərəyanı sıxlığına malikdir. Bu xüsusiyyətlər sürətli doldurma və uzunmüddətli enerji saxlama üçün vacibdir.
Professor Arçer vurğulayıb ki, əsas məqam hər bir doldurulma dövründə sabitliyi təmin edərək metal ionlarının akkumulyator anodunda sərbəst hərəkət etməsinə imkan verən dizayn prinsipinin kəşfi olub. Bu, yeni batareyaların min dəfələrlə doldurulmasına və boşalmasına imkan verir.
Nizami Bağırov