Estoniya Rusiya Federasiyası ilə mədəni sərvətlərin qorunması məsələsində əməkdaşlıq haqqında 1998-ci ildə bağlanmış müqavilədən çıxacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə Estoniyanın ERR telekanalı məlumat
yayıb.
İyunun 29-da Nazirlər Kabinetinin iclasının gündəliyinə əsasən, saziş Estoniya hökumətinin sərəncamı ilə ləğv ediləcək.
İki ölkə hökumətləri arasında mədəni sərvətlərin qorunması üzrə əməkdaşlıq haqqında saziş 1998-ci il dekabrın 4-də imzalanıb. Estoniya Rusiyanın Ukraynaya təcavüzü ilə əlaqədar müqaviləni ləğv etmək istəyir.
Bundan əlavə, hökumət iclasının gündəliyində qeyd olunduğu kimi, Estoniya Estoniya-Rusiya sazişinin əsasını təşkil edən iki YUNESKO konvensiyasına qoşulub, ona görə də eyni sahələrin əlavə sazişlə tənzimlənməsinə real ehtiyac yoxdur.
Söhbət YUNESKO-nun "Mədəni sərvətlərin qeyri-qanuni idxalının, ixracının və mülkiyyət hüququnun verilməsinin qadağan edilməsinə və qarşısının alınmasına yönəlmiş tədbirlər haqqında” və "Dünya mədəni və təbii irsin qorunması haqqında” konvensiyalarından gedir.
Tərəflər onu pozmaq istəklərini bildirməsələr, ölkələr arasında saziş avtomatik olaraq hər beş ildən bir yenilənirdi.
Xatırladaq ki, bu yaxınlarda Estoniya Xarici İşlər Nazirliyi 2023-cü ildə Ukraynaya demək olar ki, 1 milyon avro məbləğində yardım elan edib.
Bundan əvvəl Estoniya hökuməti Rusiyanın dondurulmuş aktivlərindən Ukraynanı dəstəkləmək üçün istifadə prinsiplərini hazırlayıb.
Alpər