Xəbər lenti

Estoniyada baş nazir Kaya Kallasın yerinə namizəd seçildi
Dünya 17:58 29.06.2024

Estoniyada baş nazir Kaya Kallasın yerinə namizəd seçildi

Estoniyanın aparıcı hökumət partiyası olan "İslahat” Avropa İttifaqı diplomatiyasının növbəti rəhbəri olmağa hazırlaşan Kaya Kallasın yerinə baş nazirliyə namizədini müəyyənləşdirib.

Qaynarinfo xəbər verir ki, bu barədə Estoniyanın ERR telekanalı məlumat yayıb.

Estoniya İslahat Partiyasının rəhbərliyi iyunun 29-da keçirilən iclasda iqlim naziri Kristen Mixalın Estoniyanın baş naziri vəzifəsinə namizəd kimi irəli sürülməsi barədə yekdil qərar qəbul edib.

Mixal partiyaya göstərilən etimada görə təşəkkür edib və məsuliyyəti ləyaqətlə daşıyacağına söz verib.

O vurğulayıb ki, onun vizyonunun təməl daşı Estoniyanın təhlükəsizliyidir. 

"Estoniyalılar əmin olmalıdırlar ki, bizim evimiz və ölkəmiz qorunur və dövlət yaxşı idarə olunur, koalisiya sazişinə yenidən baxılarkən milli müdafiə, iqtisadiyyatın rəqabət qabiliyyətinin gücləndirilməsi və dövlət maliyyəsinin daha da təkmilləşdirilməsi mütləq prioritetlər olacaqdır”, - Mixal bildirib. 

İslahat Partiyasının rəhbərliyi koalisiya danışıqları üçün nümayəndə heyətinin tərkibini də razılaşdırıb. 

"Biz koalisiya sazişinin yenilənməsi məsələsinə nə qədər tez aydınlıq gətirsək, bu, Estoniya üçün bir o qədər yaxşı olar", - Mixal deyib.

Kaya Kallas iyulun 9-11-də Vaşinqtonda keçiriləcək NATO sammitində Estoniyanı baş nazir kimi təmsil edəcək. Bundan sonra Kallas istefaya gedəcək. 

İslahat Partiyasının yeni sədri sentyabrın 8-də keçiriləcək qurultayda seçiləcək.

Qeyd edək ki, Estoniyanın hazırkı baş naziri, İslahat Partiyasının lideri Kaya Kallas karyerasını Avropada davam etdirmək niyyətindədir. İyunun 27-də axşam saatlarında Aİ liderləri Avropa İttifaqının yeni rəhbərliyi ilə bağlı razılığa gəliblər - onlar Kaya Kallası Aİ diplomatiyasının rəhbəri vəzifəsinə seçiblər. O, Cozep Borrelli əvəz etməlidir.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->