Vladimir Putinin ətrafı "Vaqner” özəl hərbi şirkətinin uğursuz çevriliş cəhdindən sonra onu 2024-cü il prezident seçkilərində iştirakdan çəkindirməyə çalışa bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə "The New York Times” qəzetinə "Nezavisimaya qazeta”nın baş redaktoru Konstantin Remçukov bildirib.
Remçukovun sözlərinə görə, şənbə günü baş verən hadisələr zamanı Putin birdəfəlik olaraq elitanın sərvətinin və təhlükəsizliyinin təminatçısı statusunu itirib. "Əgər bir ay əvvəl mən Putinin seçkilərdə iştirak edəcəyinə şübhə etmirdim, çünki onun buna hüququ var, indi görürəm ki, elita artıq özlərini təhlükəsiz hiss edə bilməz", deyə "Nezavisimaya qazeta"nın baş redaktoru bildirib.
Remçukovun məlumatı var ki, qiyam zamanı bir neçə tanınmış rusiyalı Moskvadan qaçıb. Özü isə şəhərdə qalıb, lakin avtomobillərin "Vaqner” döyüşçüləri tərəfindən əlindən alacağından (paytaxta daxil olsaydılar) qorxaraq şənbə günü "Mercedes" və "Bentley"ni Moskvada sürməyə cəsarət etməyib.
Qəzetin Kremlə yaxın iki mənbəsi hadisəni hakimiyyətdəki "qarışıqlığın” nəticəsi adlandırıb. Onların sözlərinə görə, üsyanla bağlı qərarlar son anda verilib.
Dövlət Dumasının Vahid Rusiyadan olan deputatı Konstantin Zatulin də NYT-yə müsahibəsində etiraf edib ki, Priqojinin daşıdığı risklərə az diqqət yetirilib və problemə "vaxtında diaqnoz qoyulmayıb”. Deputat hesab edir ki, Putin sonda Priqojinlə sövdələşməyə icazə verməklə sabitliyi təmin edib (o, getmək imkanı əldə edib). "Lakin bu, "heç kimə nüfuz qazandırmadı", deyə Zatulin bildirib.
Xatırladaq ki, iyunun 23-dən 24-nə keçən gecə "Vaqner” özəl hərbi şirkətin rəhbəri Yevgeni Priqojin hərbi iğtişaş törədib. Gün ərzində onun döyüşçüləri Rostov-na-Donu nəzarəti altına almağa və Moskvaya doğru 800 km irəliləməyə nail olub. Priqojin Müdafiə Nazirliyinin və Vladimir Putinin dayanmaq çağırışlarına məhəl qoymayıb və yalnız hakimiyyət onun Belarusa getməsinə icazə verərək cinayət işini bağlayacağına söz verdikdən sonra qüvvələrini dayandırmaq qərarına gəlib.
Nizami Bağırov