Qaynarinfo rəssam Aynur Aydınla müsahibəni təqdim edir.
- Aynur xanım, "şeir nədir, ədəbiyyat nədir" sualı şairin, yazıçının cavab tapa bilmədiyi sualdır. Bu sualın konkret cavabı yoxdur. Bəs, rəssamlarda necə, varmı? Rəsm nədir?
- Düşünürəm, bunu konkretləşdirsək, qəlibə salmış oluruq. Ola bilsin, söz, cümlə olaraq tərifi çoxdur. Çox şey demək də olar. Amma yeni heç nə. İçində bildiyimiz, bilmədiyimiz çox şeyi əhatə etdiyi üçün tərif, rəsmin şəxsiyyət vəsiqəsi kimi bir şey olar.
- Şairə, yaradıcı adama "şeiri hansı vəziyyətdə yazırsınız" kimi suallar veriləndə adətən "darıxanda, yazmaq istəyəndə, ehtiyac duyanda" kimi cavablar verilir. Hətta yazı elə bir şeydir ki, bəzən yazmaq istəyib, yaza bilmirsən. Bəs, rəsm necə? Biri beyin məhsuludur, biri daha çox əl. Rəssamlarda belə hisslər olurmu ki, bir rəsmi çəkmək istəyir, amma alınmır və bu hiss daxildən olur, yoxsa bacarmamaqdan?
- Çox olub. Məsələ, məncə, xəyalda qurduğun şeyin, düşündüyün fantaziyanın daha sehirli, gözəl və ya cəlbedici olmasıdır. Çəkmək istədikdə alınmama səbəblərindən biri, əlin bunu beyindəki kimi təsvir edə bilməməsi, bu işin bacarmamaq tərəfidir. İkinci bir tərəf isə daxil məsələsi, ruhsal sakitlik, özünü həmin məqamda hiss etmək. Zamanla düşündüyün şeyi çəkərəm deyib, həmin anda çəkmirsənsə, bir də o məqama qayıtmaq çətin olur.
- Maraqlıdır, sərhədləriniz varmı? Çəkmək istədiyiniz, amma nəyəsə, kiməsə görə çəkə bilmədiyiniz rəsm, məsələn.
- Nəyəsə görə, kiməsə görə yox. O nəyə məsələsi isə, sənətin içinə həddən artıq daxil olduqda insanı məhv etmə gücünə malikdir. O qədər aşırı ki, heç nədən zövq ala bilməyəsən, məna tapa bilməyəsən. Mənə görə bu sənətin dibi, quyusudur. Ola bilsin, sən o quyuya enməklə unudulmayacaq əsərlər yarada bilərsən. Bəhs etdiyin şey ən dərində yatan fikirlər, ideyalar, düşüncələrdir. Bir növ beynin düşüncəsinin bir üst mərhələsi kimi. Bunun var olduğunu bilirəm. Ancaq ora enmək istəmərəm. Çünki sənətlə yaşam daha vacibdi, nəinki orda ölmək.
- Bəs, xırda bir misal, məsələn, nude rəsmlər. Qadın rəssamlar adətən bu şeylərdən qaçırlar. Məlum məsələdir ki, ətrafdakı insanların fikri də rol oynayır. Sizdə də belədir? Kişiləri nude çəkə bilirsiniz, sifarişlər olurmu?
- Sadəcə, sevmirəm. Yəni, nude artı qəbul edirəm, çəkinməlik də bir durum yoxdur. Amma irəliləmək istədiyim istiqamət bu deyil. Nə vaxtsa çəkərəmmi, əlbəttə. Amma mütləq sehirli bir tərəfi olmalıdır.
- Sehirli bir tərəf, yəni necə?
- Hər kəsin görüb, amma duymayacağı bir detal ola bilər, məsələn.
- Azərbaycan reallığını nəzərə alsaq, bəzən yaradıcı insanların qarşısını evlilik də kəsir. Bu, həm sosial problemlərdən qaynaqlanır, həm də dominant tərəfin istəklərindən. Siz də evlisiniz. Bu, problem olurmu? Ailə daxilində qısqanclıq, məsələn. Çünki ən azından sosial şəbəkələrdə aktivlik, ətrafın daha çox kişilər olması, hətta sifarişlərin belə kişilər tərəfindən çox olması buna zəmin yarada bilər...
- Məndə evlilik yol açıb sənətə doğru. Bəlkə də, daha çox cəsarətim olub deyə bilərəm. Qarşınıza kimin çıxmasından, kiminlə həyatı bölüşməyinizdən çox şey asılıdır. Bu mövzuda şanslı olduğumu düşünürəm.
- Aynur xanım, dünya hansı "rəngdədir?" Kim nə görürsə o, yoxsa bir rəng var və onu müəyyən adamlar, hiss edənlər duya bilir?
- Buna bir az real yanaşıram. Mənə görə 4 fəslin rəngindədir. Hiss etdiyimiz, duya bildiyimiz şeylərin rəngi varmı desək, çoxçalarlıdır. Sadəcə, insanlar rəngə məna yükləməyi sevirlər. Öz adımıza, soyadımıza, peşəmizə yüklənən şeylər kimi.
- Sərgilərdən danışaq, Aynur xanım. İki sərginiz olub. Necə keçmişdi, ürəyinizcə oldumu? Yenə olacaqmı davamı?
- İki sərgi olub, bəli. Biri həmkarımla 2014-cü ildə. "A-dan Z-yə" adlı. İkincisi, ilk fərdi sərgim olmuşdu. "Sandıq". İlk sərgidə demək olar, mövzum yox idi. Yəni, sadəcə çəkdiklərimi sərgiləmişdim demək olar. Anlayışım az, bacarığım da o qədər deyildi. İlk təcrübə olduğu üçün yeri məndə xüsusidir. "Sandıq" isə həyatımda iz buraxmış sərgidir. Bol həyəcanlı, xüsusi mövzulu. Bacardığımı etdiyimi düşünürəm bu sərgi üçün. Növbəti fərdi sərgiyə hazırlaşıram. Ümid edirəm, daha uğurlu olacaq.
- Nə vaxt olacaq sərgi? Sizin bu sərginizi digər rəsm sərgiləridən fərqləndirən nəsə olacaqmı? İnsanlar ora niyə gəlməlidir?
- Sərginin vaxtı hələ dəqiqləşməyib. İşlərin ölçüsü böyük və mövzusu çətindir. Nə qədər vaxt alacağı barədə bir şey bilmirəm hələ ki. Sərginin fərqi məsələsi, özündən razılıq kimi çıxmazsa, fərqli bir beyinə, ruha sahib olduğumu düşünürəm və bunu mümkün qədər rəsmlərdə yansıtmağa çalışacam. Hər kəsi çəkərmi bilmirəm, ancaq ötən sərgidən təcrübə etdiyim qədər heç gözləmədiyim sayda insan gəlmişdi.
- İşlərinizdə uğurlar, müsahibə üçün də təşəkkür edirik.