Rogel Aguilera-Mederos avtomobil qəzasında 4 nəfərin ölümündə günahkar bilinib.
Qaynarinfo xəbər verir ki, Rogel Aguilera-Mederos məhkum edildikdən sonra hakim deyib:
"Əgər mənim fəaliyyət azadlığım olsaydı, bu hökmü verməzdim".
Onun yük maşını 2019-cu ilin aprelində Koloradoda dağ yolunda başqa maşınlara çırpılıb, dörd nəfər həlak olub.
27 maddə üzrə təqsirli bilinən 26 yaşlı gənc 110 il müddətinə azadlıqdan məhrum edilib və hakim bu hökmü məcburiyyət qarşısında verdiyini bildirib.
Hökm qəzəb fırtınasına səbəb olub. Təxminən 4,5 milyon insan Change.org saytında onun əfv olunmasını istəyən petisiyaya imza atıb.
Məhkəmədə anonim andlılardan biri yerli Fox radiostansiyasına hökmdən sonra "Göz yaşlarımı saxlaya bilmədim”, - deyib.
Qubernator Cared Polis deyir ki, onun ofisi işə baxır və rayon prokuroru məhkəmədən hökmə yenidən baxılmasını istəyib.
Aguilera Mederos qayalı dağların ətəyində taxta-şalban daşıyarkən ölümlə nəticələnən qəza baş verib.
Nasaz yük maşını dağdan yuvarlanıb, yalnız digər avtomobillərlə toqquşduqdan sonra dayanıb.
Dörd nəfər - 69 yaşlı Stenli Politano, 67 yaşlı Uilyam Beyli, 61 yaşlı Doyl Harrison və 24 yaşlı Migel Anxel Lamas Arellano həlak olub.
Aguilera Mederos rəsmilərə əyləclərinin sıradan çıxdığını və digər avtomobillərlə toqquşmamaq üçün əlindən gələni etdiyini deyib.
Mederos məhkəmədə ağlayaraq həlak olanların ailələrindən bağışlanmasını istəyib. "Mən cinayətkar deyiləm, - o deyib və, - həyatım boyu heç kimi incitmək istəməmişəm".
Lakin prokurorlar 26 yaşlı gəncin əyləclərinin işləmədiyini əvvəlcədən bildiyini iddia edib. Onlar deyiblər ki, Mederos avtomobillər arasından və ən azı bir yük maşınının çıxış rampasını təhlükəli şəkildə keçib – halbuki əyləc problemi olan nəqliyyat vasitələrinin təhlükəsiz daxil olub dayanması üçün nəzərdə tutulmuş yol kənarındakı uzun zolağa keçə bilərmiş.
Məhkəmə Aguilera-Mederosu avtomobil qətli və avtomobilə hücum da daxil olmaqla onlarla ittiham üzrə təqsirli bilib.
Cəmiyyətdə hökm müzakirələrə səbəb olub və onun ləğv edilməsinə çağırış edilib.
Hakim Bryus Cons məhkəməyə bildirib ki, - Kolorado qanunlarına əsasən, o, bütün məhkumlar üçün məcburi minimum cəza təyin etməli idi.
Kubalı mühacir Aguilera-Mederosun əvvəllər heç bir cinayəti olmayıb və rəsmilər bildiriblər ki, qəzada spirtli içki və ya narkotik maddə olmayıb. Vəkilləri apelyasiya şikayəti verəcəyini bildiriblər.
Alpər