Xəbər lenti

Fələstin-İsrail münaqişəsi:  Bayden ərəb ölkələrinə hansı mesajı verdi? (ŞƏRH)
Dünya09:00 20.10.2023

Fələstin-İsrail münaqişəsi:  Bayden ərəb ölkələrinə hansı mesajı verdi? (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Baydenin İsrailə səfəri fonunda Təl-Əvivin HƏMAS-a qarşı Qəzzada irimiqyaslı quru əməliyyatını həyata keçirməyi dayandıracağı, Misir tərəfdən humanitar koridorun açılacağı gözlənilir".
Bunu Qaynarinfo-ya açıqlamasında "Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev ABŞ prezidenti Co Baydenin İsrailə baş tutan səfərini şərh edərkən deyib.
Mehman Əliyev bildirib ki, bunun əvəzində HƏMAS-ın infrastrukturu, rəhbərliyi, aktiv fəallarının aradan götürülməsi, zərərsizləşdirilməsi prosesi davam edəcək:
"Bu proses uzanacaq. Proses bitəndən sonra Fələstin, yəni Fələstin Azadlıq Təşkilatı (FAT) ilə İsrail arasında real danışıqlar başlaya bilər. Baydenin səfəri də düşünürəm ki, məhz bu məqsədlərin həyata keçirilməsinə hesablanıb. ABŞ prezidentinin Yaxın Şərqə səfəri əslində daha geniş məqsəd daşıyırdı. O, ilk növbədə Omanda 4 tərəfli görüşdə iştirak etməli idi. Lakin bu görüş baş tutmadı. Vaşinqton regional müttəfiqlərilə danışıqlar aparıb. Misir prezidenti ilə İordaniya kralının dünənki görüş və açıqlamaları da onu göstərir ki, bu iki ölkə hadisələrə kifayət qədər neytral yanaşma tərzi sərgiləyəcək. Deməli, onlar İsrailə qarşı kəskin çıxışlardan çəkinirlər. Hər iki lider sadəcə olaraq, atəşkəsin elan edilməsi, danışıqlara başlamaq və humanitar koridorun açılmasını vurğuladılar. Bu da onu göstərir ki, ABŞ aktiv danışıqlar aparır".
Ekspert bildirib ki, Baydenin səfəri ABŞ-ın apardığı siyasətə dəstəyin nümayişi idi: 
"Radikal qrupla ərəb dövlətlərilə İsrail arasında münasibətlərin normallaşmasında maraqlı deyillər. Baydenin bölgəyə səfəri təkcə İsrailə deyil,  həm də radikal qruplarla mübarizəni gücləndirmək prosesinə qoşulan digər dövlətlərə də dəstək vermək mənasına gəlir. ABŞ bildirir ki, İsraillə ərəb dövlətləri arasında olan problemlərin həlli prosesi dayanmayacaq, davam edəcək və Vaşinqton ona öz töhfəsini verəcək. Əslində, İordaniya, Misir də radikal qrupların siyasi həyatdan silinməsində maraqlıdırlar. Bu məsələdə Qərblə bəzi ərəb ölkələrinin maraqları üst-üstə düşür”. 
Qeyd edək ki, Təl-Əvivə gələn ABŞ prezidenti Co Baydenlə İsrailin baş naziri Benyamin Netanyahu arasında geniştərkibli görüş keçirilib. Bildirilib ki, liderlər İsraillə HƏMAS arasında davam edən müharibəni müzakirə edirlər. 
Rüfət Sultan