Dünya 14:52 01.07.2022

Finlandiya öz vətəndaşlarını Türkiyəyə ekstradisiya etməyəcəyini bəyan etdi

Finlandiya vətəndaşları heç bir halda başqa ölkələrə ekstradisiya edilməyəcək.

Qaynarinfo RG-ya istinadla xəbər verir ki, bu barədə Finlandiya Xarici İşlər Nazirliyinin rəhbəri Pekka Haavisto bildirib.

"Finlandiyanın öhdəliklərinə görə, o, vətəndaşlarını ölüm cəzası və ya işgəncə ilə üzləşə biləcəkləri başqa ölkələrə ekstradisiya edə bilməz", - Haavisto Yle telekanalında çıxışı zamanı deyib.

Eyni zamanda, bir gün əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin qadağan olunmuş PKK-nın 73 üzvünü Türkiyəyə təhvil verəcəyini vəd etdiyini bildirib. Stokholm Şimali Avropa dövlətinin NATO-ya daxil olmasına mane olmamaq üçün Ankaranın razılığı müqabilində belə bir addım atacaq.

Bundan əvvəl İspaniyanın paytaxtında hərbi-siyasi blokun baş katibi Yens Stoltenberqin iştirakı ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Finlandiya prezidenti Sauli Niinistö və İsveçin baş naziri Maqdalena Andersson arasında üçtərəfli danışıqlar aparılıb.

Nəticədə, bu dövlətlərin xarici işlər nazirləri liderlərinin iştirakı ilə Stokholm və Helsinkiyə NATO-ya üzvlük üçün müraciət etmək imkanı verən memorandum imzalanıb. Türkiyə, Skandinaviya ölkələrinin Ankaranın terrorla mübarizə ilə bağlı şərtlərini nəzərə almaq şərti ilə İsveç və Finlandiyanın NATO-ya üzv olmasına vetosunu ləğv etməyə razılaşıb.
 
Alpər