Dünya 14:28 05.07.2022

Finlandiya və İsveç NATO-ya daxil olmaq haqqında protokolları imzaladı

Bu gün, iyulun 5-də Finlandiya və İsveç NATO-ya daxil olmaq haqqında protokolları imzalayıblar. Mərasimdə hər iki ölkənin Xarici işlər nazirliklərinin rəhbərləri iştirak edərək sənədi təsdiqləyiblər.

Bu barədə Qaynarinfo "Yle”yə istinadən xəbər verir.

NATO-nun Baş katibi Yens Stolenberq qoşulma protokolunun imzalanma mərasiminin açılışını edib.

"Bu, tarixi bir məqamdır", - o deyib.

Sənədi imzaladıqdan sonra İsveç və Finlandiyanın xarici işlər nazirləri Ann Linde və Pekka Haavisto yeni müttəfiqlərin İttifaq üçün əhəmiyyətini vurğulayıblar.

Haavisto bildirib ki, Finlandiyanın hərbi müdafiə potensialı, mülki əhalinin müdafiəyə hazır olması və finlərin müqaviməti NATO-nun gücünü artıracaq.

"Biz birlikdə daha güclüyük", - nazir vurğulayıb.

Xatırladaq ki, mayın 18-də İsveç və Finlandiya Şimali Atlantika Alyansına üzvlük üçün müraciət etmişdilər. Bundan sonra Türkiyə Finlandiya və İsveçin NATO-ya üzv olmaq üçün müraciətlərinə baxılmasını əngəlləyib, ölkələri "terrorçuları dəstəkləməkdə” ittiham edib.

Madriddə keçiriləcək NATO sammiti ərəfəsində məlum olub ki, Türkiyə Finlandiya və İsveçin Alyansa daxil olmasına mane olmayacaq. Tərəflər müvafiq memorandum imzalamaq barədə razılığa gəliblər.

İyunun 29-da NATO Finlandiya və İsveçi NATO üzvü olmağa dəvət edib.

Finlandiya və İsveç hərbi alyansın tamhüquqlu üzvü olması üçün bütün NATO ölkələri tərəfindən onların üzvlükləri milli səviyyədə ratifikasiya edilməlidir. Ratifikasiya mərhələsinin bir neçə ay, hətta bir il çəkəcəyi təxmin edilir.

Nizami Bağırov