Dünya 18:14 17.04.2023

Fransa müxalifəti Makrona qarşı: Pensiya islahatı ləğv olunana qədər...

Fransa müxalifəti prezident Emmanuel Makronun səs-küylü pensiya islahatı ləğv olunana qədər etirazını dayandırmayacağını bildirib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Euractiv” nəşri yazır.

İfrat solçualrı, sosialistləri, kommunistləri və yaşılları bir araya gətirən solçu NUPES koalisiyası qanun layihəsi tamamilə ləğv edilənə qədər küçələrə çıxmağa davam edəcəyinə söz verib. Bunu bazar günü islahat əleyhinə olan bir neçə deputat deyib. Yaxın bir neçə gün ərzində onlar hökumətə yeni etimadsızlıq səsverməsi təqdim etmək istəyirlər.

Jan-Lük Melenşonun yaxın adamı, ifrat solçu deputat Manuel Bompard bazar günü Journal du Dimanche-ə deyib: "Qanunun qəbulu ilə bağlı heç bir şey demokratik deyildi".
Bompard iddia edir ki, hökumət müzakirələri sürətləndirmək və qanun layihəsinin həqiqi nəticələrini gizlətmək üçün konstitusion alətlərdən sui-istifadə edib.
Sosialist Partiyasının rəhbəri Olivye For Makronu ölkədə məyusluq və qəzəbi alovlandırmaqda ittiham edib.

İslahatın həyata keçirilməsi zamanı dəstəyi xeyli artmış ultrasağçıların lideri Marin Le Penə gəlincə, o, sosial böhrana görə məsuliyyəti Makronun və parlamentdə tam hüquqlu müzakirələr keçirməkdən imtina edən sol partiyaların üzərinə qoyub.

Le Pen qanun layihəsi üzrə referendumun keçirilməsini və ya Milli Assambleyanın buraxılmasını tələb edib, əks halda "prezident istefaya getməlidir”.

Bu arada, həmkarlar ittifaqları Yelisey sarayında görüşmək dəvətini yekdilliklə rədd etdiyi üçün Makron bazar ertəsi günü "sakitlik ruhunda" çıxış etməlidir. Etirazların yeni mərhələsi mayın 1-də keçirilməlidir.

Fransanın konstitusiya məhkəməsi cümə günü Makronun pensiya yaşını 62-dən 64-ə qaldıran pensiya islahatını təsdiqləyib. Bir neçə saatdan sonra prezident Makron özü qanun layihəsini imzalayıb. 

Nizami Bağırov