Xəbər lenti

Fransada 190-a yaxın namizəd parlament seçkilərinin II turunda iştirakdan imtina etdi
Dünya 15:42 02.07.2024

Fransada 190-a yaxın namizəd parlament seçkilərinin II turunda iştirakdan imtina etdi

Fransa Milli Assambleyasına (parlamentin aşağı palatası) növbədənkənar seçkilərin ikinci turundan əvvəl 190-a yaxın namizəd geri çəkilib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Le Monde” qəzeti məlumat yayıb.

Geri çəkilənlərin arasında solçu partiyalardan 123, Fransa prezidenti Emmanuel Makronun blokundan isə 64 namizəd var. Bununla da, parlamentarilər ifrat sağçı "Milli birlik” partiyasının səs çoxluğu əldə etməsinə mane olmaq istəyirlər.

İyunun 30-da keçirilən birinci turun nəticələrinə görə, Cordan Bardella və in Marin Le Penin rəhbərlik etdiyi "Milli birlik” partiyası 33,2% səs toplayıb. Solçu "Yeni xalq cəbhəsi” bloku 28,1%, Makronun koalisiyası 21%, sağ "Respublikaçılar” 10% səs toplayıb.

İlk turdan sonra "Milli birlik”dən 39 deputat, solçu partiyaların ittifaqı olan "Yeni xalq cəbhəsi”ndən 32, Makronun koalisiyasından isə iki deputat qələbə qazanıb. Parlamentdəki yerlərin ümumi sayı 577-dir.

Birmandatlı dairələrin əksəriyyətində üç əsas blokun namizədləri ikinci tura keçiblər. İlk nəticələrdən sonra Emmanuel Makron və solçuların nümayəndələri üçüncü yeri tutanları ikinci turda iştirakdan imtina etməyə çağırıblar ki, bütün səslər "Milli birlik” partiyasının əsas rəqiblərinə getsin. Namizədlər iyulun 2-si saat 18:00-a qədər (Bakı vaxtı ilə 20:00) seçkilərdən geri çəkilə bilərlər.

Birinci turda Marin Le Penin partiyasının qələbəsi fonunda Parisdə və Fransanın digər şəhərlərində etiraz aksiyaları keçirilib. İyunun 1-nə keçən gecə ölkədə "İfrat sağa qarşı” plakatları ilə çıxan bir neçə min vətəndaşın iştirakı ilə iğtişaşlar baş verib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->