XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Fransanı silkələyən qalmaqal: 250 qadın dövlət məmurunu ittiham edir
Dünya21:28 19.08.2026

Fransanı silkələyən qalmaqal: 250 qadın dövlət məmurunu ittiham edir

Fransada 2009-2018-ci illər arasında keçirdikləri iş müsahibələri zamanı Kristian Neqrenin onları dərmanla zəhərlədiyini iddia edən qadınların sayı 250-yə yaxınlaşıb. Onlar dövlət məmurunun sidikqovucu preparatlardan istifadə edərək özlərini alçaldıcı vəziyyətə saldığını bildirirlər.

Qaynarifno xəbər verir ki, Fransanın Mədəniyyət Nazirliyində yüksək vəzifəli dövlət məmuru olmuş Kristian Neqre hazırda dərmanla zəhərləmə, şəxsi həyatın toxunulmazlığının pozulması və cinsi təcavüz də daxil olmaqla bir sıra ittihamlar üzrə rəsmi istintaq altındadır. İş üzrə məhkəmə hələ keçirilməyib.

“Ayaqlarımı artıq hiss edə bilmirdim”

Anais de Vos 2011-ci ilin iyulunda Parisdə Mədəniyyət Nazirliyində iş üçün müsahibəyə gedəndə 27 yaşında idi. O, adətən qəhvə içmədiyini, lakin müsahibəni aparan Neqrenin təklifini nəzakət xatirinə qəbul etdiyini deyir.

Qəhvəni Neqre özü hazırlayıb. De Vosun sözlərinə görə, içkinin dadı pis olub və o, yalnız yarısını içib.

Görüş ofisdə başlayıb, lakin bir neçə dəqiqədən sonra Neqre çölə çıxmağı təklif edib. Paris küçələri ilə gedərkən qadın qəfil və qarşısıalınmaz şəkildə tualetə getmək ehtiyacı hiss edib.

“Çox zəif idim. Artıq ayaqlarımı düzgün hiss edə bilmirdim. Qorxmuşdum. Nə baş verdiyini bilmirdim”, detə De Vos BBC-yə danışıb.

O, təcili tualet tapmalı olduğunu deyəndə Neqrenin ona baxaraq “Tualetə getməlisən?” dediyini bildirir. Daha sonra onu Sena çayının altındakı körpülərdən birinin altında yerləşən saxlanc otağının qapısına apararaq “Burada edə bilərsən” söylədiyini iddia edir.

De Vos bunun qəribə olduğunu düşünərək etiraz edib və yollarına davam etmələrini istəyib.

“Experiments P” adlı sənəd

De Vosun sözlərinə görə, polis sonradan Neqrenin kompüterində “Experiments P” adlı cədvəl aşkar edib. İddialara görə, həmin sənəddə qadınların müsahibəyə gəldikləri vaxt, sidikqovucu preparatın verildiyi an, onların nə qədər müddətdən sonra sidiyə getdiyi və hansı alt paltarını geyindikləri qeyd olunub.

De Vos illər sonra həmin gün Neqrenin hazırladığı qəhvənin qəribə dadının səbəbinin sidikqovucu preparat olduğuna əmin olduğunu deyir.

Polisin Neqre ilə bağlı araşdırması 2018-ci ilin iyununda başlayıb. Prokurorluğun bu ilin fevralında yaydığı açıqlamaya görə, Neqre həmin vaxt iş yoldaşı tərəfindən masanın altından bir qadının şəklini çəkərkən yaxalanıb.

O, əvvəlcə regional mədəniyyət məsələləri üzrə direktor vəzifəsindən uzaqlaşdırılıb, 2019-cu ildə isə Mədəniyyət Nazirliyindən işdən çıxarılıb.

Prokurorların bildirdiyinə görə, Neqre 2018-ci ildə müstəntiqlərə iş müsahibələri zamanı qadınları “alçaldıcı vəziyyətlərə saldığını” deyib.

Neqrenin vəkili vasitəsilə BBC məqalədəki ittihamlarla bağlı ona müraciət edib, lakin o, şərh verməkdən imtina edib.

Strasburqda oxşar hadisə

Neqrenin qeydlərində adı olan qadınlardan biri də Mari-Elen Brisdir. O, 2016-cı ildə Strasburqda Mədəniyyət Nazirliyində iş üçün Neqre tərəfindən müsahibə edilib.

Brisin sözlərinə görə, Neqre onun stresli göründüyünü deyərək əsəblərini sakitləşdirmək üçün gəzintiyə çıxmağı təklif edib.

Kanal boyunca gedərkən Bris də qəfil və qarşısıalınmaz şəkildə sidiyə getmək ehtiyacı hiss edib. Ehtiyac getdikcə ağrıya çevrilib.

Bris deyir ki, Neqre yaxınlıqda ictimai tualet olduğunu söyləyib, lakin göstərdiyi yerdə tualet olmayıb.

“Artıq çox əziyyət çəkirdim... ağrıdan üzüm ağarmışdı, göz yaşlarım axırdı”, deyə o deyib.

Nəticədə Bris ictimai yerdə sidiyə getməyə məcbur olduğunu bildirir. Onun sözlərinə görə, Neqre pencəyi ilə onu örtməyi təklif edib, lakin bütün müddət ərzində gözlərini ondan çəkməyib.

“Çox utanmışdım. O, gözlərini məndən çəkmirdi”, deyə Bris bildirib.

O, illərlə hadisəyə görə utanc hissi keçirdiyini və sonradan polis tərəfindən Neqrenin ehtimal olunan qurbanlarından biri olduğu barədə məlumatlandırıldığını bildirib.

Kimyəvi yolla nəzarət

Qadınlar hesab edirlər ki, onlara qarşı tətbiq edilən üsul “kimyəvi yolla nəzarət” kimi tanınan hadisədir. Bu zaman şəxsin üzərində nəzarət əldə etmək üçün dərman və ya digər maddələrdən istifadə olunur.

Neqrenin iddia edilən qurbanlarından olan Bris hadisənin ənənəvi cinsi təcavüz təsəvvürünə uyğun gəlmədiyini, lakin baş verənləri cinsi təcavüz hesab etdiyini vurğulayıb.

“Mənə hücum edilib, mən sərxoş vəziyyətə salınmışam, zəhərlənmişəm. Mənim üçün bu, açıq şəkildə cinsi təcavüzdür”, deyə o qeyd edib.

Fransada kimyəvi yolla nəzarət məsələsi 2024-cü ildə Jizel Pelikonun əri tərəfindən narkotik vasitə ilə huşsuz vəziyyətə salınaraq başqa kişilərin ona təcavüz etməsinə şərait yaradılması işi ilə geniş ictimaiyyətin gündəminə gəlib.

Fransalı deputat Sandrin Joso da bu məsələnin əsas fəallarından birinə çevrilib. O, qadınların dərmanla zəhərləndiklərindən şübhələndikləri halda polisə rəsmi şikayət vermədən qan, sidik və ya saç nümunələrini laboratoriyada yoxlatmasına imkan verən pilot proqramın bu il tətbiq edilməsinə nail olub.

Lakin bunun da məhdudiyyətləri var. Anais de Vos, Mari-Elen Bris və Neqrenin digər ehtimal olunan qurbanları həmin vaxt dərman qəbul etdiklərindən şübhələnməyiblər. Maddələrin qan və sidikdə aşkarlanması üçün testin hadisədən çox qısa müddət sonra aparılması tələb olunur.

Dərmanlar saçda daha uzun müddət aşkarlana bilər, lakin zaman keçdikcə onların nə vaxt qəbul edildiyini müəyyənləşdirmək çətinləşir.

Toksikoloq, professor Jan-Klod Alvarezin sözlərinə görə, bu məqsədlə sidikqovucu preparatlardan istifadə “çox qeyri-adi” haldır. O, 26 illik toksikoloq fəaliyyəti ərzində buna bənzər hadisə ilə qarşılaşmadığını bildirib.

Qadınlar məhkəmənin gecikməsindən narazıdır

Neqrenin işində təxminən 250 qadının adı hallansa da, məhkəmə prosesi hələ başlamayıb.

Fondation des Femmes qadın hüquqları təşkilatının məlumatına görə, təxminən 30 qadına dəstək verilir. Təşkilatın bildirdiyinə əsasən, Neqre bu müddət ərzində insan resursları sahəsində işləməyə davam edib.

De Vos 2019-cu ildə ilk dəfə polisə danışdığını, lakin dəfələrlə elektron məktub göndərməsinə baxmayaraq, 2023-cü ilə qədər iş barədə heç bir məlumat almadığını söyləyib.

“Dörd il ərzində qurban olduğumu bilən yeganə insan özüm idim. Nə edəcəyimi bilmirdim. Ədliyyə sisteminə çox qəzəbliyəm”, deyə o bildirib.

Bris isə bu gözləmə müddətini “ikinci dərəcəli qurbanlaşdırma” adlandırıb.

“Qurban kimi təsirin nə olduğunu sübut etməli, psixiatrın yanına getməli, xüsusi qeydlər hazırlamalıyam”, deyə o bildirib.

BMT-nin Qadınlar üzrə qurumu olan “UN Women” təşkilatının nümayəndəsi Kalliopi Minqeyru BBC-yə deyib ki, hökumətlər, polis və məhkəmə sistemləri dərman vasitəsilə törədilən cinsi zorakılıqla mübarizə üçün daha çox iş görməlidir.

Fransa polisi, məhkəmə sistemi və hökumət BBC-nin işin araşdırılması ilə bağlı tənqidlərə münasibət bildirmək xahişinə cavab verməyib.

Bris uzun müddət susduğunu, lakin artıq utanc hissi keçirmədiyini deyir.

“Mən özümü gizlətməli deyiləm - mən qurbanam”, deyə Bris qeyd edib.

Onun sözlərinə görə, ictimaiyyət qarşısında danışmaq digər qurbanların da özlərini tanımasına, başlarına gələnləri anlamasına və polisə şikayət etməsinə kömək edib.

“Danışmaq lazımdır. Yaşadığımız dünyada bu vacibdir. Gender və cinsi zorakılıq barədə danışmaq lazımdır”, deyə Bris vurğulayıb.

Aydın