Xəbər lenti

“Fransanın regionda söz sahibi olmaq imkanı yoxdur” - Politoloq
Dünya11:20 25.04.2023

“Fransanın regionda söz sahibi olmaq imkanı yoxdur” - Politoloq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Fransanın xarici işlər naziri Cənubi Qafqaz ölkələrinə Parisin maraqlarının müdafiəsi üçün gəlir”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Fransa XİN rəhbəri Katrin Kolonnanın Cənubi Qafqaza gözlənilən səfərini şərh edərkən deyib:
"Fransanın XİN rəhbəri Azərbaycanın maliyyə imkanlarını nəzərə alaraq səfər çərçivəsində çalışacaq ki, Bakı bu ölkədən mal idxalını artırsın. Azərbaycan Fransadan 1,2 milyard dollarlıq 12 ədəd "Airbus” təyyarələri alacaq. Bu istiqamətdə əvvəldən danışıqlar gedib, hətta ilkin razılaşma da var. Fransanın "Total” şirkəti Xəzərdə qaz çıxarmağa hazırlaşır. Paris həmçinin öz ətriyyat və geyim əşyalarının Azərbaycanda geniş çeşiddə satışına nail olmaq istəyir. Fransa XİN rəhbəri sözsüz ki, səfər fonunda Qarabağ məsələsinə də toxunacaq”. 
Həmsöhbətimizə görə, İrəvana səfəri çərçivəsində isə Fransa rəsmisi Ermənistanı növbəti avantüralara sürükləməyə çalışacaq: 
"Ermənistana səfərində xanım Kolonna erməniləri əzabkeş adlandıraraq, Fransanın onları müdafiə etməkdə davam etdiyini bəyan edəcək. Bu fonda da İrəvanı səfeh  mövqelərində möhkəm dayanmağa, bir addım da olsa geri çəkilməməyə səsləyəcək”. 
Politoloq bildirir ki, Fransa XİN şefinin səfərini Parisin region uğrunda mübarizəni gücləndirməsi kimi dəyərləndirmək doğru deyil: "Fransanın belə bir istəyi olsa da, regionda söz sahibi olmaq imkanı yoxdur”. 
Qeyd edək ki, Fransanın xarici işlər naziri Katrin Kolonna aprelin 26-28 arasında regiona səfər edərək, Azərbaycan, Ermənistan və Gürcüstanda olacaq. 
Rüfət Sultan