Dünya 22:25 17.05.2023

Fransız əsgər 80 il sonra sükutu pozdu: 40 Vermaxt əsgərinin edamı necə baş verib?

Fransada 1944-cü ilin iyununda Fransa Müqaviməti tərəfindən güllələnmiş əsir düşmüş 40 Vermaxt əsgərinin cəsədlərinin eksqumasiyası üzrə iş tezliklə başlamalıdır.

Qaynarinfo xəbər verir ki, bu barədə BBC yazır.

Müqavimət üzvlərindən biri, 98 yaşlı Edmond Revey 80 ildir saxladığı sükutu pozaraq bu edamdan danışıb. Güllələnmə Fransanın mərkəzində Limuzen bölgəsində Meymak yaxınlığındakı meşədə baş verib. 

Bu günə qədər o, Francs-Tireurs Partizans ("Azad atıcılar və Fransız partizanları") partizan qrupunun yerli bölməsinin sağ qalan sonuncu üzvü olaraq qalır və edamda şəxsən iştirak edib.

Revey bildirib ki, ifadəsində 30 döyüşçüdən ibarət dəstəsinin alman hərbi əsirlərini müşayiət edərkən onları öldürmək əmrinin necə gəldiyini təsvir edib.
"Hannibal" ləqəbli dəstənin komandiri əmr alanda uşaq kimi ağladı. Amma Müqavimətdə nizam-intizam var idi", - Revey xatırlayır.

"O, əmri yerinə yetirmək üçün könüllüləri çağırdı. Və hər bir əsgər kimisə öldürməli idi. Amma bəzilərimizə, o cümlədən mənə dedilər ki, biz bu işdə iştirak etməyəcəyik. Hava çox isti idi. Biz onları öz qəbirlərini qazmağa məcbur etdik. Onları öldürüb cəsədlərin üzərinə əhəng tökdük. Yadımdadır ki, qan iyi gəlirdi. Biz bu barədə bir daha danışmadıq", - Revey hadisəni danışır.

"Kəpənək" ləqəbli Revey hətta ailəsindən belə 75 il bu sirri saxlayıb.

Lakin 2019-cu ildə Milli veteranlar dərnəyinin yerli iclasının sonunda gözlənilmədən yerindən qalxıb və bir hadisə barədə danışmaq istədiyini söyləyib.

Meymak bələdiyyə başçısı Filipp Brüger BBC-yə bildirib ki, Revey hadisəni danışmaqla vicdanını rahatladıb: "O, hadisəni daha əvvəl danışa bilərdi, amma nədənsə bunu etməyib. Amma o, son şahid olduğunu bilirdi və əgər danışmasaydı, bundan heç kimin xəbəri olmayacaqdı”.

Covid-19 pandemiyası başladığından yerli hakimiyyət orqanları indiyənədək heç bir iş görməyiblər. Onlar bir neçə həftə əvvəl bu məsələyə qayıdıblar və yerli La Montagne qəzeti bu hadisəni yalnız mayın 16-da işıqlandırıb.

Fransız və alman tarixçiləri Fransa Müqavimətinin veteranının təsvir etdiyi hadisələrin ümumi konturunu ümumiyyətlə təsdiqləyiblər. 

Nizami Bağırov