Ukraynalı haker qrupu "Hackyourmom” özünü cazibədar qızlar kimi təqdim edən saxta sosial şəbəkə hesablarından istifadə edərək, işğal altındakı Melitopol yaxınlığında Rusiya hərbi bazasının yerini müəyyən edə bilib.
Qaynarinfo xəbər verir ki, bunu "Financial Times”a informasiya texnologiyaları üzrə sahibkar, haker qrupunun yaradıcısı Nikita Knış
deyib.
Hakerlər sosial şəbəkələrdə rus əsgərləri ilə tanış olub və onlardan hərbi bazanın yerini müəyyən etmək mümkün olan fotolar göndərmələrini istəyiblər. Hakerlər aldıqları məlumatları Ukrayna hərbçilərinə ötürüblər. Knişin sözlərinə görə, bir neçə gün sonra Ukrayna Silahlı Qüvvələri Rusiya bazasına hücum edib.
Müharibədən əvvəl 30 yaşlı Knış Xarkovda yerləşən HackControl kibertəhlükəsizlik şirkətinə rəhbərlik edib. Rusiyanın Ukraynaya təcavüzündən dərhal sonra o, Ukrayna Təhlükəsizlik Xidmətinin Xarkov ofisinə namizədliyini irəli sürüb, lakin qəbul olunmayıb. Bundan sonra İT mütəxəssisi Rusiyaya qarşı kibermüharibə aparmaq üçün haker qrupu yaratmağa qərar verib.
Haker iddia edir ki, onun qrupu Belarusda və Ukraynanın Rusiya tərəfindən işğal olunmuş ərazilərində minlərlə müşahidə kamerasını sındırıb. O, adi insanların hərəkətlərini hərbçilərin hərəkətlərindən ayırmağa kömək etmək üçün proqram hazırlayıb, həmçinin Ukraynada öldürülən mülki şəxslər barədə xəbərləri göstərmək üçün Rusiya telekanallarını sındırıb. "The Financial Times” qeyd edir ki, nəşr Knışın danışdığı məlumatı yalnız qismən yoxlaya bilib.
Nizami Bağırov