Bir çox insan gecə yatarkən mobil telefonunu çarpayının yanındakı tumbanın üzərində və ya hətta yastığının yanında saxlayır. Lakin yuxu gigiyenası üzrə mütəxəssislər bu vərdişdən imtina etməyi tövsiyə edirlər.
Qaynarinfo xəbər verir ki, "NLC" nəşrinin yazdığına görə, ekspertlər smartfonun gecə ən azı bir metr, imkan olduqda isə 1,5–2 metr məsafədə saxlanılmasını məsləhət görürlər.
Onların sözlərinə görə, əsas problem telefonun özü deyil, ona asanlıqla əl çatmasıdır. Smartfon əlinizin altında olduqda, gecə gələn hər hansı bildiriş və ya təsadüfi oyanış insanı yenidən xəbərlərə, sosial şəbəkələrə və ya mesajlara baxmağa sövq edə bilər. Bu isə beynin aktivləşməsinə səbəb olur və yenidən yuxuya getməyi çətinləşdirir.
Mütəxəssislər yalnız telefonu uzaqda saxlamağın kifayət etmədiyini də vurğulayırlar. Onlar yatmazdan əvvəl "Narahat etməyin" rejimini aktivləşdirməyi və ya bildirişləri söndürməyi tövsiyə edirlər. Eyni zamanda, müasir smartfonlarda vacib şəxslərdən gələn təcili zənglərin qəbul edilməsi üçün istisnalar təyin etmək də mümkündür.
Bundan əlavə, yatmazdan əvvəl ən azı 30–60 dəqiqə ərzində telefondan istifadə etməmək məsləhət görülür. Sosial şəbəkələrdə vaxt keçirmək əvəzinə kitab oxumaq, sakit musiqi dinləmək və ya növbəti gün üçün plan hazırlamaq daha faydalı hesab olunur.
Əgər smartfon zəngli saat kimi istifadə edilirsə, onu da çarpayıdan uzaqda yerləşdirmək tövsiyə olunur. Bu halda siqnalı söndürmək üçün ayağa qalxmaq lazım gələcək. Bu isə daha tez ayılmağa və zəngli saatın təxirəsalma düyməsini dəfələrlə basmaq vərdişindən uzaqlaşmağa kömək edir.
Ekspertlər bildirirlər ki, smartfonu çarpayıdan uzaqda saxlamaq sadə görünən, lakin yuxunun keyfiyyətini yaxşılaşdırmağa, gecə oyanmalarını azaltmağa və yatmazdan əvvəl telefondan asılılığı minimuma endirməyə kömək edən faydalı vərdişdir.
Aydın
Şərhlər