Dünya 12:35 03.08.2022

Gerhard Şröder Putinlə dostluğundan danışdı: “Niyə üzr istəməliyəm?”

Almaniyanın keçmiş kansleri Gerhard Şröder iyulun sonunda Moskvaya səfəri zamanı Rusiya prezidenti Vladimir Putinlə görüşüb. 

Qaynarinfo xəbər verir ki, bu barədə Şröder "Stern” jurnalına danışıb.

Müsahibəsində o, Ukraynadakı müharibənin danışıqlarsız dayandırıla bilməyəcəyini söyləyib və Almaniya hökumətindən danışıq aparan şəxslərin işini əlindən almaq istəmədiyini qeyd edib. "Bəs niyə qanuni olan və mənə və ailəmə problem gətirməyəcək danışıqları dayandırmalıyam?" -  Almaniyanın keçmiş kansleri soruşur.

Şröder bildirib ki, Rusiya hakimiyyəti Ukrayna ilə danışıqlara hazırdır. O, mart ayında İstanbulda keçirilən son təkbətək danışıqları misal çəkib, Türkiyənin rolunu da qeyd edib. Onun sözlərinə görə, Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracına dair müqavilələrin bağlanmasında Türkiyə hakimiyyəti də faydalı olub. Şröder etiraf edib ki, taxıl sazişləri "tədricən atəşkəsə qədər uzadıla bilər".

Jurnalistlərlə söhbəti zamanı Şröder Ukraynadakı müharibəni "Rusiya hökumətinin səhvi” adlandırıb, lakin münaqişənin həlli üçün "hər iki tərəfdən güzəştə” ehtiyac olduğunu bildirib.

Putinlə dostluğundan danışan Şröder onların arasında nifaq ola biləcəyini istisna edib. "Vladimir Putindən uzaqlaşma kiməsə həqiqətən xeyir verə bilərmi? Mən qərar vermişəm, onlara sadiq qalıram və açıq şəkildə bildirmişəm ki, bəlkə bir daha köməyim dəyə bilər. Buna görə mən niyə üzr istəməliyəm?”

Almaniyanın "Focus” jurnalı Şröderin müsahibəsini şərh edərək yazıb ki, keçmiş kansler söhbət zamanı "Putinin təbliğatı” ilə bağlı bir neçə tezis irəli sürüb. Onlardan biri "Şimal axını 2” qaz kəmərinin işə salınmasıdır ki, bu, Şröderin fikrincə, qaz böhranının həlli olacaq (Putin bu barədə iyulda danışmışdı). "Şimal axını 2-dən istifadə etmək istəmirsinizsə, bunun nəticələri ilə üzləşməli olacaqsınız. Onlar Almaniya üçün ağır olacaq”, - Almaniyanın keçmiş kansleri bildirib.

"İşlər həqiqətən lap pis getdikdə, bu boru kəməri var və hər iki "Şimal axını" qaz kəmərləri ilə Almaniya sənayesi və alman ev təsərrüfatları üçün heç bir təchizat problemi olmayacaq", - deyə Şröder bildirib.

İyulun 26-da Şröderin Moskvada səfərdə olduğu məlum olub. Keçmiş kansler jurnalistlərə bildirib ki, o, Rusiyaya "tətilə” gəlib. Lakin onun həyat yoldaşı So Yön Sröder-Kim deyib ki, Şröder "enerji siyasəti danışıqlarında iştirak etmək üçün” Moskvaya gedib.

Nizami Bağırov