Xəbər lenti

Girkin Putinin istefaya çağırandan 3 gün sonra həbs edildi
Dünya12:39 21.07.2023

Girkin Putinin istefaya çağırandan 3 gün sonra həbs edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qondarma Donetsk Xalq Respublikasının ("DNR”) "müdafiə naziri” və hərbi cinayətkar İqor Girkin (Strelkov) Vladimir Putinə qarşı sərt ittihamlardan sonra iyulun 21-i cümə günü saxlanılıb və onun evində axtarış aparılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Girkinin Teleqram kanalında onun həyat yoldaşı Miroslava Reginskaya məlumat yayıb.
"Bu gün saat 11:30 radələrində bizə istintaq komitəsinin nümayəndələri gəlib. Mən o vaxt evdə deyildim. Bundan sonra konsyerjin dediyinə görə, ərimi çıxarıb naməlum istiqamətə aparıblar. Dostlarımdan öyrənə bildim ki, ərim Rusiya Federasiyası Cinayət Məcəlləsinin 282-ci maddəsi (ekstremizm) ilə ittiham olunur. Həyat yoldaşımın harada olduğu barədə heç nə bilmirəm, o, əlaqə saxlamayıb", - deyə Miroslava Reginskaya yazıb. 
İstintaq Komitəsinin əməkdaşları Girkinin mənzilində axtarış aparır. RBC hüquq-mühafizə orqanlarındakı mənbələrə və Girkinin vəkilinə istinadən xəbər verir ki, ilkin məlumatlara görə, saxlanma "Vaqner”in keçmiş əməkdaşının şikayəti əsasında həyata keçirilib.
Xatırladaq ki, Niderlandda 2014-cü ildə sərnişin "Boeing” təyyarəsinin məhv edilməsinə görə qiyabi olaraq ömürlük həbs cəzasına məhkum edilən Girkin 3 gün əvvəl Putinin ünvanına kəskin tənqidi fikirlər səsləndirib və onun istefasını tələb edib.
"23 il ərzində ölkənin başında əhalinin əhəmiyyətli hissəsini aldadan əclafın bir var. İndi o, dövlətin legitimliyinin və sabitliyinin sonuncu nöqtəsidir. Onu qeyri-qanuni şəkildə aradan götürmək vaxtı ilə Unikal Varlığı (Putini. - red.) taxtda əyləşdirənlərin işini "uğurla başa çatdırmaq” deməkdir. Amma ölkə bu qorxaq zırramanın hakimiyyətdə daha 6 il olmasına dözməyəcək. Və onun "sonda” edə biləcəyi yeganə faydalı şey (satqın Qorbi (burada SSRİ-nin sonuncu rəhbəri Mixail Qorbaçovu nəzərdə tutur. – red.) kimi Tarixdə adını əbədi rüsvay etməmək üçün) hakimiyyətin həqiqətən bacarıqlı və məsuliyyətli birinə verilməsini təmin etməkdir. Təəssüf ki, bu onun ağlından belə keçməz. Əgər ağlından keçərsə, onda biz artıq dəfələrlə "tərəfdaş seçmək qabiliyyətini" görmüşük”, - 800 mindən çox abunəçisi olan Telegram kanalında bloggerə çevrilmiş ehtiyatda olan FTX (FSB) polkovniki yazıb.
Əvvəllər, 2014-cü ildən ifrat millətçi partiya yaratmağa cəhd edən Girkin Rusiyanı "bərbad vəziyyətdən” saxlaya bilən legitim lider olduğunu əsas gətirərək Putinə qarşı belə sərt hücumlara yol vermirdi. Lakin Ukraynanın hərbi məhv edilməsi üçün ümumi səfərbərliyə təkid edən Girkinin ritorikası Yevgeni Priqojinin rəhbərlik etdiyi "Vaqner” üsyanından sonra kəskin şəkildə dəyişib. Eyni zamanda, Girkin Putinin Moskvaya qarşı kampaniya zamanı 10-dan çox rus hərbi pilotunu öldürən "üsyançıları” cəzalandıra bilməməsini və onlarla görüşməsini sərt tənqid edib.
Nizami Bağırov