Xəbər lenti

“Gizli Bakı”, “Qorxulu Tehran”, “Dumanlı Təbriz” - TƏHLİL
Siyasət08:41 07.05.2014

“Gizli Bakı”, “Qorxulu Tehran”, “Dumanlı Təbriz” - TƏHLİL

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Müstəqillik əldə etdikdən indiyədək Azərbaycan dövlətinin xarici siyasətində prioritet bir istiqamət var. 

Nəinki müstəqillik əldə olunandan sonra, hətta Sovet dövründə belə bu mövzu heç vaxt unudulmayıb, həmişə gündəmdə saxlanılıb və nəsillərin tərbiyələndirilməsində belə ideoloji xətt kimi istifadə olunub. Söhbət Cənub mövzusundan gedir, Cənubi Azərbaycan, İran, soyuq siyasi konflikt, tariximizin səhifələrindən yaddaşımıza ilişib qalan Gülüstan, Türkmənçay, Xudafərin, Təbriz, Ərdəbil, və.s...

Azərbaycan prezidentinin bu yaxınlardakı İrana səfəri və İran prezidentinin Azərbaycana planlaşdırılan səfəri həmişə soyuq görünən münasibətlərin yaxşılaşacağı, (əslində isə əməldə iki ölkə arasında heç zaman heç bir soyuqluq hiss olunmayıb) ikitərəfli əməkdaşlığın daha da genişləndiriləcəyi haqda düşünməyə əsas verir. Ən azından dövlət başçıları ciddi bir məsələnin müzakirəsi üçün görüşürlər.

Onu da qeyd etməliyik ki, həmişə İran - Azərbaycan münasibətlərinə hər iki ölkənin rəsmi dairələrinin verdiyi qiymətlə ictimai təşkilatların və ekspertlərin mövqeyi tam ziddiyyət təşkil edir. Artıq 20 ildən çoxdur ki, hər iki ölkənin mediası bir-birinin timsalında sözün əsl mənasında “monstr” yaratmaqdadırlar. Məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, informasiya sahəsində gedən bu təbliğata baxmayaraq, Azərbaycan və İran arasında heç vaxt ciddi problem olmayıb. Bugünkü təhlilimizdə bu qədim coğrafiyada baş verənləri tarixi hadisələrlə müqayisə edərək, regionda gedən ictimai-siyasi proseslərə qiymət verməyə çalışacağıq.

“Gizli Bakı”

Tarix boyu böyük hadisələrin baş verdiyi bir coğrafiyada yerləşən, bu gün siyasətin nəbzinin vurduğu Bakı, dünyanın qlobal müharibəyə sürükləndiyi bir dövrdə yenə də regional proseslərin mərkəzi rolunu oynamaqdadır. Birinci və İkinci dünya müharibələri zamanı böyük imperiya ordularının zəbt etmək üçün əsas hədəf götürdüyü Bakı bugün də qlobal güclərin diqqət mərkəzindədir. Bakıya, regionun ən böyük ölkəsi olan Azərbaycanın ürəyinə sahib olmaq uğrunda gedən mübarizə həmişə davam edib. Rusiya üçün Yaxın Şərqin giriş qapısı, Qərb üçün Rusiyanın ürəyinə zərbə endirmək üçün ən yaxın mövqe kimi dəyərləndirilən Azərbaycan, bu gün xarici xüsusi xidmət orqanlarının ən ciddi diqqət mərkəzindəki şəhərlərdən biridir. Bu baxımdan Bakını Birinci dünya müharibəsi illərinin İstanbulu ilə də müqayisə etmək olar. Həmin illərin İstanbulu sözün əsl mənasında casuslar şəhərinə çevrilmişdi. Bütün kəşfiyyatların mübarizəsi, hətta sövdələşməsi və bazarlığı həmin illərdə məhz İstanbulda aparılırdı. Geosiyasi müstəvidə qarşıdurma qızışdıqca, region ətrafındakı siyasi ehtiraslar da coşur. Bir tərəfdən İran rejimini yıxmq, digər tərəfdən Rusiyanın ağrılı damarı olan Şimali Qafqaza nəzarəti əlinə alamaq istəyən Qərb bunun yalnız Azərbaycan vasitəsi ilə mümkün olacağını gözəl başa düşərək Qafqazdakı mövcudluğunu gücləndirməyə, Rusiyanın bu strateji əhəmiyyətli coğrafiyadan diqqətini yayındırmaq üçün cürbəcür fəndlər işlətməyə başlayır.

Azərbaycan keçən əsrin əvvəllərindəki kimi bu gün də müstəqil dövlət kimi öz maraqlarına uyğun davranır. Artıq bölgə uğrunda ölüm-dirim mübarizəsinə girişmiş imperiyalara öz şərtlərini diqtə edən bir regional güc, Azərbaycan var. Uğrunda savaşa girdikləri bölgənin etnik, dini və mentallıq baxımından çox mürəkkəb tərkibə malik olması bu superdövlətləri regionun həm İrana, həm Rusiyaya, həm Türkiyəyə, həm də Orta Asiyaya təsir imkanları olan Azərbaycanla hesablaşmağa vadar edir. Ona görə də bölgədə baş verəcək bütün dəyişikliklər məhz Bakıda gedən siyasi danışıqların və oyunların nəticəsindən asılıdır. Bu isə o deməkdir ki, “Gizli Bakı” Avrasiyadakı siyasi-iqtisadi-hərbi təlatümlərin episentri rolunu oynayacaq. İranla münasibətlər baxımından isə Tehran gözəl başa düşür ki, daxilindəki sabitliyə görə, məhz Azərbaycana borcludur və artıq Bakı ilə ultimatumlar dilində danışmaq olmaz. İki ölkə arasındakı münasibətlərin yaxşılaşdırılması istiqamətində atılan addımlar isə birinci növbədə Tehranın özünün marağındadır. Çünki Ermənistanla münasibətlərinin yaxınlaşması və klerikal rejimin “acıq diplomatiyasının” ancaq İrana ziyan vurduğunu başa düşən bu ölkəni idarə edənlər xarici və dxaili siyasətlərinə yenidən baxmaq məcburiyyətindədirlər. Ona görə də Azərbaycansız, və Türkiyə ilə yaxşı münasibətlər olmadan, regionda bir dövlət kimi mövcudluğun mümkünsüzlüyünü Tehran rejimi gözəl başa düşür.

“Qorxulu Tehran”

Səfəvilər zamanı Azərbaycan dövlətinin paytaxtının Qəzvindən köçürüldüyü bu kənd hazırda dünyanın ən iri meqapolislərindən və Yaxın Şərqin ən böyük dövlətlərindən birinin paytaxtıdır. Dəmavənd dağının ətəklərində şah babalarımızın saldırdığı Tehran ədəbiyyat tarixinə məşhur yazıçı Kaziminin yazdığı “Qorxulu Tehran” romanından sonra möhür kimi vuruldu. Qacar xanədanının yıxılmasının, Pəhləvilərin hakimiyyətə gəlməsinin, İsalm inqilabını baş verməsinin cansız şahidi olan Tehran bu dəfə də qorxunc siyasi-hərbi prosseslərin baş verdiyi bir şəhərə çevrilib. Nüvə müharibəsi təhlükəsinin belə başı üzərindən asıldığı bu qorxunc şəhər hələ də qloballaşmaya müqavimət göstərən siyasi quruluşun, paradiqmanın, rejimin baş qalası rolunu oynamaqdadır. Tehranın Bakı ilə yaxınlaşmasının əsas səbəblərindən biri isə ilbəil artan Azərbaycan faktorudur. Şimal əyalətlərində gedən proseslər, Təbrizdə zaman-zaman baş qaldıran üsyanlar, azərbaycanlıların siyasi baxışlarındakı dəyişikliklər artıq İranın bir dövlət kimi bünövrəsini silkələyə biləcək həddə çatıb. Ölkənin gələcəyi və İranın bir dövlət kimi mövcudluğunun Azərbaycan və azərbaycanlılardan asılı olduğunu anlayan İnqilab ayətullahları və SEPAH generalları növbəti Məşrutə inqilabının baş verməməsi , hələ başı “Dumanlı Təbrizin” ayılaraq Tehranı yenidən tutmaması üçün yürütdükləri Qafqaz siyasətini kökündən dəyişməyin zamanının gəldiyini anlamağa başlayıblar. Azərbaycan dövlətinin varlığı və İrandakı azərbaycanlı faktoru artıq görməzlikdən gəlinən bir məsələ deyil. Bunu nəinki İran rejimi, eləcə də bütün dünya gözəl başa düşür.

“Dumanlı Təbriz”

Təhlilimizin son bölməsində Təbriz mövzusuna toxunmaq qərarına gəldik. Əsrlərdən bəri dağıdıcı müharibələrin arasında qalmış, varlığını və möhtəşəmliyini qorumuş əzəli paytaxtımız İranın siyasi həyatının dəyişməsində müstəsna rol oynayıb. Bu şəhərdəki proseslərin qısa müddət ərzində bütün İranı öz təsiri altına alması tarixdə dəfələrlə baş verib və paytaxt olmamasına baxmayaraq, demək olar ki, Təbriz İranın siyasi ab-havasını dəyişib. Bu, hazırda da belədir. İranı dağıtmaq istəyən qlobal güclərin ortaya atdığı “Təbriz kartı” Azərbaycan dövlətinin ağıllı siyasəti nəticəsində böyük faciələrə gətirib çıxarmadı və 20 ildir regionda ciddi hərbi-siyasi təlatüm baş vermədi. İran bunu gözəl başa düşməli və Ermənistanla münasibət qurduğu zaman bu məsələni unutmamalıdır. İran hakimiyyəti onu da yaddan çıxarmamalıdır ki, heysiyyatına toxunulmuş təbrizli, azərbaycanlı bunu tarixdə heç kəsə bağışlamayıb. “Erməni kartının” başına bəlalar açacağı İran ya “erməni məsələsi”ni birdəfəlik bağlamalı, ya da oturduğu budağı sona qədər mişarlayaraq intihar etməlidir. Tarixə diqqət yetirsək görərik ki, Təbrizdə hər əsrdə bir neçə dəfə İranın siyasi quruluşunu və konyukturasının dəyişən üsyanlar qalxıb və inqilablar baş verib. Xarici təsirlər nəticəsində, ABŞ, Britaniya və İsrail kimi dövlətlərin 1979-cu uldən bu yana dağıda bilmədikləri İran Təbrizin ayağa qalxması ilə dünya xəritəsindən birdəfəlik silinə bilər. Bunun üçün Tehran Bakını qıcıqlandıra biləcək bütün addımlarına diqqət yetirməli və yürütdüyü siyasəti yaxşı ölçüb - biçməlidir.

Qafqaz Ömərov

İnterpress.az