ABŞ Hərbi Dəniz Qüvvələrinin tarixində ən sirli faciələrdən biri hesab olunan "USS Scorpion” atom sualtı qayığının itməsi onilliklər keçməsinə baxmayaraq hələ də tam aydınlaşdırılmayıb.
Qaynarinfo xəbər verir ki, "Popular Mechanics” nəşrinin yazdığına görə, sualtı qayıq 1968-ci ildə məxfi kəşfiyyat missiyası zamanı 99 nəfərlik heyətlə Atlantik okeanında yoxa çıxıb və bir daha geri qayıtmayıb.
1968-ci il mayın 20-də "USS Scorpion”a Aralıq dənizində kəşfiyyat xarakterli tapşırığı yerinə yetirmək əmri verilib. Daha sonra sualtı qayıq Kanar adaları yaxınlığında Sovet İttifaqının hərbi-dəniz qüvvələrinə məxsus gəmi qrupunu müşahidə etmək üçün marşrutunu dəyişib.
"Skipjack” sinfinə aid olan və "Westinghouse S5W” nüvə reaktoru ilə təchiz edilən sualtı qayıq donanmanın ən sürətli gəmilərindən biri hesab olunurdu. O, su altında 33 düyünədək sürət yığa bilir və uzun müddət su səthinə çıxmadan fəaliyyət göstərmək üçün layihələndirilmişdi.
Qayıqla son radio əlaqəsi 1968-ci il mayın 21-də baş tutub. Bundan sonra onunla əlaqə tamamilə kəsilib.
Axtarışlar nəticə vermədi
ABŞ Hərbi Dəniz Qüvvələri sualtı qayığın itməsi barədə yalnız bir neçə gün sonra rəsmi məlumat yayıb. Sonradan qalıqlar Atlantik okeanının dibində, Azor adalarından təxminən 400 mil məsafədə və 3 kilometrdən artıq dərinlikdə aşkar edilib.
Qəza nəticəsində ekipajın 99 üzvünün hamısı həlak olub. Lakin qalıqların aşkar edilməsindən sonra da faciənin dəqiq səbəbini müəyyənləşdirmək mümkün olmayıb.
İstintaq çərçivəsində bir neçə ehtimal araşdırılıb:
* Torpedanın gəminin daxilində təsadüfən işə düşməsi;
* Mexaniki nasazlıq, o cümlədən tullantıların utilizasiyası sistemində yaranmış problem nəticəsində suyun daxil olması;
* Hidrogenin toplanması nəticəsində akkumulyatorların partlaması;
* Daxili partlayış və ya xarici təsir.
Bu versiyaların heç biri qəti şəkildə təsdiqlənməyib və ABŞ Hərbi Dəniz Qüvvələri hadisənin səbəbi ilə bağlı yekun nəticəyə gələ bilməyib.
Nüvə reaktoru və silahlar okeanın dibində qaldı
Sualtı qayıqla birlikdə okeanın dibində nüvə reaktoru və nüvə başlıqları ilə təchiz edilmiş iki torpeda da qalıb. ABŞ Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, sonrakı yoxlamalar radiasiya sızmasını aşkar etməyib və qəzanın ətraf mühitə təsiri minimal qiymətləndirilib.
"USS Scorpion”un itməsi İkinci Dünya müharibəsindən sonra ABŞ-ın itirdiyi iki atom sualtı qayığından biri olub. Digər hadisə "USS Thresher” atom sualtı qayığının itməsi ilə bağlıdır.
Faciədən sonra ABŞ Hərbi Dəniz Qüvvələri sualtı qayıqların layihələndirilməsi və dayanıqlılığı ilə bağlı tələbləri əhəmiyyətli dərəcədə sərtləşdirən "SUBSAFE” təhlükəsizlik proqramını tətbiq edib.
Buna baxmayaraq, onilliklər ərzində aparılan araşdırmalar "USS Scorpion”un məhv olmasının dəqiq səbəbini üzə çıxarmayıb və hadisə müasir hərbi dəniz tarixinin ən sirli və mübahisəli qəzalarından biri kimi qalmaqdadır.
Aydın
Şərhlər