Gözlər üçün faydalı qida maddələri – sink, omeqa-3 yağ turşuları, A və C vitaminləri – yaşla bağlı xəstəliklərin riskini azaltmağa kömək edir. Lazımi maddələrin hamısını qidalardan almaq mümkündür.
Qaynarinfo xəbər verir ki, "Very Well Health” görməni yaxşılaşdırmaq üçün nə yemək lazım olduğunu araşdırıb.
Balıq - Somon və ton balığı kimi balıqlarda iltihabəleyhinə və antioksidant təsirə malik olan omeqa-3 yağ turşuları var. Xüsusi növ omeqa-3 – DQK (dokozageksaen turşusu) – tor qişanın tərkibinə daxildir və oksidləşmə zədələnməsini azaltmaqla, qan dövranını yaxşılaşdırmaqla görməni dəstəkləyir. Araşdırmalar omeqa-3-lə zəngin qidalanmanın yaşa bağlı makula degenerasiyası (mərkəzi görmənin itirilməsi) və katarakt riskinin azalması ilə əlaqəli olduğunu göstərir.
Çərəzlər və toxumlar - Qoz, badam, pikan qozu və günəbaxan toxumu E vitamini ilə zəngindir və gözləri oksidləşmə zədələnməsindən qoruyaraq katarakta və yaşa bağlı makula degenerasiyası (YMD) riskini azalda bilər. Fıstıq isə lütein və zeaksantin kimi karotinoidlərin çoxluğu ilə görməni dəstəkləyir.
Dənli paxlalılar - Noxud və mərcimək sink mənbəyidir. Araşdırmalar sinkin YMD diaqnozu olan insanlar üçün faydalı olduğunu göstərir. Sink A vitaminini qaraciyərdən tor qişaya daşıyaraq qoruyucu melanin piqmentinin yaranmasına kömək edir, bununla da gecə görməsinin pisləşməsi və kataraktın inkişafı riskini azaldır.
Sitrus meyvələri - Portağal, qreypfrut, mandarin və limon C vitamini ilə zəngindir. Bu vitamin sərbəst radikalların səbəb olduğu hüceyrə zədələnmələrindən gözləri qorumağa, hüceyrələrin bərpasına və yenilənməsinə yardım edir, yaşla bağlı görmə itkisinin qarşısını ala bilər.
Yarpaqı yaşıl tərəvəzlər - İspanaq, kələm və kolard kimi yarpaqı yaşıl tərəvəzlər lütein, zeaksantin, A, C və K vitaminləri ilə yanaşı antioksidantlar da ehtiva edir. Onların kifayət qədər qəbulu detallı mərkəzi görməyə cavabdeh olan makulanı qorumağa kömək edir.
Kök - Beta-karotinlə zəngin olan kök A vitamini üçün yaxşı mənbədir. Bu isə gecə görməsini və zəif işıqda görmə imkanını yaxşılaşdırır.
Şirin kartof - Şirin kartof beta-karotin və A vitamini baxımından daha zəngindir və gündəlik A vitamini normasının 200 faizindən çoxunu təmin edir. Bu, tor qişanın işıq şüalarını görməyə çevirmə qabiliyyətini dəstəkləyir və gözün qurumasının qarşısını alır.
Yumurta - Yumurta sarısı lütein və zeaksantin ehtiva edir və YMD kimi göz xəstəliklərinin inkişafını ləngidir. Tədqiqatlardan biri həftədə iki-dörd yumurta yeyən insanların YMD riskinin həftədə bir yumurta yeyənlərlə müqayisədə 62 faiz aşağı olduğunu göstərib.
Çiy bolqar bibəri - Bolqar bibərindəki antioksidantlar hüceyrə zədələnməsindən qoruyur və qan damarlarını möhkəmləndirməklə gözlərdə qan dövranını yaxşılaşdırır. C vitamini tərkibi də YMD riskinin azalması ilə əlaqələndirilir.
Balqabaq - Balqabaqdakı A və C vitaminləri gözləri qoruyur, "toyuq korluğu” adlanan zəif gecə görməsinin qarşısını alır və katarakta ilə YMD inkişafını ləngidə bilər.
Brokoli və brüssel kələmi - Brokoli və brüssel kələmi karotinoidlər və C vitamini daxil olmaqla faydalı maddələrlə zəngindir. Araşdırmalar gündə 500 milliqram C vitamini qəbulunun katarakt riskini təxminən 20 faiz azaltdığını göstərir. Brokolidəki beta-karotinin yüksək qəbulu isə katarakt riskinin 10 faiz azalması ilə əlaqələndirilir.
Su - Gözlər əsasən sudan ibarət olduğuna görə su balansının qorunması göz sağlamlığına birbaşa təsir edir. Susuzluq göz quruluğu, qıcıqlanma, müvəqqəti görmə bulanıqlığı və digər problemlərə səbəb ola bilər. Müalicə olunmayan davamlı quruluq görmədə dəyişikliklərə gətirib çıxara bilər.
Aydın
Şərhlər