Xəbər lenti

Güc strukturları ilə Zelenski arasında ziddiyyət yaranarsa...
Hüseynbala Səlimov
Dünya 10:15 20.11.2023

Güc strukturları ilə Zelenski arasında ziddiyyət yaranarsa...

Tərəddüd müansibətlərdə "çat” və bunun nəticəsi kimi alternativ seçimlər, qərarlar və senarilər deməkdir. Bunu niyə xatırlatdıq? Yaxın Şərqdə müahribə başlayandan təhlilçilər Ukrayna müharibəsi haqqında əvvəlkindən fərqli ton və vurğu ilə danışmağa başlayıblar. Bunun digər bir səbəbi də budur ki, növbəti ildə Ukraynada prezident seçkiləri olmalıdır. Düzdür, hələ bununla bağlı bir yəqinlik yoxdur – biri deyir ki, seçki olacaq, digəri isə ərz edir ki, bəs olmayacaq.

Elə bəzi şübhələr və yaxud tərəddüdlər üçün əsas da budur. Heç kim iddia edə bilməz ki, prezident V.Zelinskinin rəqibləri və onun yerinə göz dikənlər yoxdur.
 
Yox, belələri həmişə tapılacaq. Təsadüfi deyil ki, artıq Zelinski ilə güc nazirlikləri arasında, xüsusən də indiki müdafiə nazirilə prezident arasında müəyyən
ziddiyyətlərin və çəkişmələrin olduğu deyilir. Bunlar isə öz növbəsində yeni siyasi sxemlər və senarilər deməkdir. 

Xatırladaq ki, bir neçə il bundan əvvəl Ukraynada daha bir demokrat da hakimiyyətdə olmuşdu – bu, Viktor Yuşşenko idi. Amma onun hakimiyyəti bircə prezidentlik müddətindən çox çəkmədi, ikinci seçki zamanı bu adam, az qala, biabırcasına uduzdu. Yadımıza gəlir ki, o vaxt bəzi siyasi müşahidəçilər zarafatla deyirdilər ki, V.Yuşşenkonun hətta öz reytinqi haqqında da təsəvvürü yoxdur.

İstisna deyil ki, seçki olsa, eyni aqibət Zelenskini də gözləyir. O, Ukraynaya nə verdi? Böyük hesabla heç nə - yalnız müharibə! Düzdür, indi ölkədə müharibə gedir, onun mühüm bir hissəsi ruslar tərəfindən işğal olunub və bu, azmış kimi, bu əraziləri Moskva öz torpaqları elan edib. Üstəgəl, ölkə vətəndaşlarının böyük bir hissəsi Ukraynanı tərk etmək məcburiyyətində qalıb. Belə bir vəziyyətdə seçki olarmı? Bəli, Zelenskinin özü seçki keçirmək istəmir. Amma böyük ehtimalla onun əleyhdarları seçkinin keçirilməsində israr edəcəklər. Ona görə də vəziyyət heç də trivial deyil və bu qışın Ukrayna üçün çətin keçəcəyini iddia edən siyasi müşahidəçilər haqlıdırlar – heç şübhəsiz ki, müharibəyə daha bir savaş, siyasi savaşlar və çəkişmələr əlavə olunacaq və vəziyyət bir az da ağırlaşacaq. Məhz buna görə biz lap əvvəldə "çat” kəlməsini işlətdik və qorxulusu budur ki, bu "çat” siyasi çəkişmələr nəticəsində daha da genişlənə və dərinləşə bilər – bu isə müharibə aparan ölkə üçün əsl fəlakət deməkdir.

Məsələ həm də ona görə qəlizləşir ki, növbəti ildə ABŞ-da da seçkilər olacaq və Ukraynadan fərqli olaraq, onları heç kim təxirə salmağa çağırmır. Qaranlıq məqam isə amerikalı seçicinin Ukrayna müharibəsinə münasibətdir – onlar ölkələrinin Kiyevin yanında olmasını istəyirlərmi? Biz bu sualın cavabını bilmirik. Amma bəzi sorğulara görə, müharibə əleyhdarlarının artdığı bildirilir. Bəs həqiqətdə necədir? Bax, biz bu sualın əsl cavabını hələ bilmirik – bunun seçkilər göstərəcək. İndi bəlli olan məqam budur ki, prezident Baydenin reytinqi elə də yüksək deyil.

Elə demokratik Qərbin də prezident Volodimir Zelenskiyə münasibəti dəqiq məlum deyil. Hətta arabir belə fikirlər səslənir ki, guya ki, Qərb yaxasını Zelenskidən qurtarmaq istəyir. 

Hələlik Avropa onu silahlandırmaqda davam edir. Həm də məlum deyil ki, Qərb hakimiyyətlərinin və institutlarının seçkilərin təxirə salınmasına münasibəti necə olacaq? Əgər ABŞ-ın və Avropanın bu müharibədə məqsədi Rusiyanı yormaq və çökdürməkdirsə, o, davam edəcək. Amma hələ ki Rusiyanın davranışında yorğunluq müşahidə olunmur. 

Növbəti ildə Rusiyada da prezident seçkiləri gözlənir, amma onlar ABŞ-dakı və ya Ukraynadakı kimi sürprizli olmağı vəd etmir, böyük ehtimalla Putin ciddi problem olmadan seçkiləri udacaq. Heç şübhəsiz ki, növbəti ildəki seçkilərin də qəhrəmanı elə Putin olacaq, çünki o, Ukrayna ilə müharibəni bitirməmiş böyük siyasəti tərk edə bilməz...
 
Hüseynbala Səlimov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->