Xəbər lenti

İdman 16:27 10.07.2023

Güləşçilər uzun illərin həsrətinə son qoymaq istəyir (AÇIQLAMA)

Qarşıdakı aylarda Azərbaycan güləşçiləri Paris 2024 Olimpiya Oyunlarına lisensiya qazanmaq uğrunda bir sıra yarışlarda iştirak edəcəklər.

Bu barədə Qaynarinfo-ya güləş federasiyasının mətbuat katibi Sərxan Musalı məlumat verib. 

O, idmançılarımızın iştirak edəcəyi yarışlar və hazırlıq planından bəhs edib: 

"Yunan-Roma güləşçilərimiz Bakıda hazırlıqlara başlayıblar. Şimali Osetiyaya yollanan sərbəst güləşçilərimizin isə bu gündən Vladiqafqazda təlim-məşq toplanışı start götürüb. Bu ay ərzində yunan-Roma, sərbəst və qadın güləşçilərimizi iki yarış gözləyir. Yunan-Roma güləşçilərimiz Macarıstandan keçiriləcək reytinq xarakterli turnirdə iştirak edəcəklər. Qadın və sərbəst güləşçilərimiz isə Polşada keçiriləcək beynəlxaq turnirdə döyüşəcəklər. 

Bu yarışlardan sonra dünya çempionatına hazırlıq üçün təlim-məşq toplanışı olacaq. Sentyabrdan bizi lisenziya xarakterli dünya çempionatı gözləyir. Burada hər olimpiya çəkisində 5 idmançı vəsiqə əldə edə bilər. Şanslarımızı yüksək görürük. Hətta dünya çempionatında hər hansısa bir uğursuzluq olarsa, bunu gələn il keçiriləcək Avropa Olimpiya təsnifat turnirində kompensasiya etməyə çalışacağıq.

Bakıda isə hər çəkidə 2 nəfər olimpiadaya vəsiqə qazanacaq. Sonuncu sınağımız Türkiyədəki dünya təsnifat turniri olacaq. Yarış qardaş ölkədə olması bizə üstünlükdür. Bizim üçün doğma olan ölkədə yarışacağıq və azarkeş dəstəyi olacaq. Orada isə hər olimpiya çəkisində 3 idmançı lisenziya qazanacaq. O ki, qaldı olimpiadaya, şanslarımız az deyil. Dünyanın ən yaxşı güləş ölkələrindən sayılırıq. Favoritlərdən biriyik. Ümid edirəm ki, iki olimpiadan sonra 2012-ci ildəki uğuru təkrarlayıb qızıl medalı yenidən özümüzə qaytararıq".

Qeyd edək ki, Bakıda keçiriləcək Avropa Olimpiya təsnifat turniri gələn il aprelin 4-7-di tarixləri arasında baş tutacaq. Azərbaycan idmançıları hər çəki dərəcəsində iki lisenziya uğrunda mübarizə aparacaqlar. Yarışların Milli Gimnastika Arenasında keçirilməsi planlaşdırılır.

Pan-Amerikan Təsnifat turniri 15-17 martda Akapulkoda (Meksika), Afrika-Okeaniya Təsnifat turniri 22-24 martda Qahirədə (Misir), Asiya Olimpiya Təsnifat turniri isə 12-14 apreldə Bişkekdə (Qırğızıstan) baş tutacaq.

Hər bölgə üzrə hər çəki dərəcəsində yalnız iki güləşçi Paris 2024 Olimpiya Oyunlarında iştirak etmək üçün lisenziya alacaq. Olimpiada üçün son lisenziyalı yarış olan Dünya Olimpiya Təsnifat Turnirində hər çəkidə üç idmançı lisenziya qazanacaq. Bu yarışlar mayın 9-dan 12-dək İstanbulda keçiriləcək.

İlk lisenziyalı güləş yarışı bu il sentyabrın 16-dan 24-dək Serbiyanın paytaxtı Belqradda keçiriləcək dünya çempionatıdır. Bu turnirdə idmançılar hər çəki dərəcəsində beş lisenziya uğrunda mübarizə aparacaqlar.

Ümumilikdə Dünya Çempionatında 90 lisenziya sahibi, regional təsnifat turnirlərində 144 lisenziya sahibi (dördünün hər birində 36), Dünya Olimpiya Təsnifat Turniri çərçivəsində isə 54 lisenziya sahibi müəyyənləşəcək.

Röya Kərimli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->