Bu gün Milli azadlıq hərəkatının fəallarından olan Gültəkin Həsənovanın (Gültəkin Ana) dəfn mərasimində əksər müxalifət liderləri iştirak etməyib.
ANS PRESS-in məlumatına görə, həmin dəfn mərasimində "Müsavat" partiyasını Gülağa Aslanlı təmsil edib. Bu haqda Müsavat partiyasının başqanı İsa Qəmbər bildirib.
Partiya funksioneri dedi ki, Gültəkin Ananın qarşıdakı yas mərasimlərində onun özü də yaxından iştirak edəcək.
Azərbaycan Respublikasının keçmiş dövlət katibi, eks baş nazir Pənah Hüseyn isə evdə olduğunu və dəfndə iştirak etmədiyini bildirdi.
AXCP sədrinin müavini Razi Nurullayev isə dəfn mərasimi zamanı Anar Məmmədlinin məhkəməsində olduğunu qeyd etdi. AXCP-nin digər funksioneri Fuad Qəhrəmanlı da dəfndə iştirak etməyini vurğuladı.
Xatırladaq ki, bu gün Milli azadlıq hərəkatının fəallarından olan Gültəkin Həsənova (Gültəkin Ana) 86 yaşında dünyasını dəyişib. O, Nizami rayonundakı məzarlıqda, həyat yoldaşının məzarının yanında torpağa tapşırılıb.
O, ötən gecə vəfat edib. Gültəkin Ana uzun müddət xəstəlikdən əziyyət çəkirmiş.