Dünya 23:09 08.02.2022

Gürcüstan Ermənistan istehsalı olan “matsun” adlı məhsulun tranzitini qadağan etdi

Gürcüstan öz ərazisindən Ermənistan istehsalı olan "matsun” adlı məhsulun Rusiyaya daşınmasını qadağan edib.

Bu barədə Ermənistanın İqtisadiyyat Nazirliyi məlumat verib.

Nəticədə erməni istehsalçıları öz məhsullarını "erməni dağ qatığı” adı ilə Rusiyaya ixrac etməyə başlayıblar.

Gürcüstan tərəfi izah edib ki, Fransada konyak və şampan olduğu kimi, "matsoni” adı da Gürcüstanda onun coğrafi göstəricisi kimi qeydə alınıb.

"Matsun” adı da Gürcüstanda qeydiyyatdan keçmiş "matsoni” adına bənzədiyi üçün onun Gürcüstan ərazisindən ixracına icazə verilməyib.

Ermənistanın İqtisadiyyat Nazirliyinin mətbuat katibi Qayane Antonyan bildirib ki, hökumət gürcü həmkarları ilə coğrafi göstəricilərdən istifadə məsələsini aydınlaşdırmaq üçün addımlar atır.

Eyni zamanda, nazirliyin nümayəndəsi qeyd edib ki, "matsun” adı Ermənistan Respublikasında coğrafi göstərici kimi qeydiyyata alınarsa, məhsul yalnız coğrafi göstəricilərin qarşılıqlı tanınması və mühafizəsi haqqında ikitərəfli müqavilə imzalandıqdan sonra Gürcüstan ərazisindən keçməklə başqa ölkələrə ixrac oluna bilər.

O əlavə edib ki, Ermənistan-Gürcüstan hökumətlərarası komissiyasının iclasında coğrafi göstəricilərin qarşılıqlı tanınması və mühafizəsi haqqında saziş müzakirə edilib. Sazişin müddəaları və iki ölkədə qeydə alınmış coğrafi göstəricilərin siyahıları tezliklə birgə işçi qrupu tərəfindən təhlil olunacaq. (oxu.az)