Xəbər lenti

Dünya 17:45 15.04.2024

Gürcüstan parlamentində komitə iclasında dava düşdü (VİDEO)

Gürcüstan parlamentinin Hüquq Komitəsinin iclasında "Vətəndaşlar” partiyasının lideri Aleko Elisaşvili parlament çoxluğunun nümayəndəsi, hakim "Gürcü arzusu” partiyasının liderlərindən biri Mamuka Mdinaradze ilə dava edib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Exo Kavkaza” məlumat yayıb https://www.ekhokavkaza.com/a/32905917.html 

Bu, "xarici agentlər haqqında” qanunun müzakirəsi zamanı baş verib. Bu zaman Mdinaradze "Lelo” partiyasının nümayəndəsi Anna Natsvlişvili ilə mübahisəli layihə ilə bağlı mübahisə edən zaman Elisaşvili tribuna arxasında dayanan çoxluğun nümayəndəsinə yaxınlaşaraq onun üzünə yumruq zərbəsi endirib. Bundan sonra hər iki deputat iclas zalını tərk edib. Bu arada dəhlizdə deputatlar arasında dava davam edib. 

Daha sonra Aleko Elisaşvili parlament binasını tərk edərək jurnalistlərə bunları deyib:

"Bu qanunu onların bir yerinə soxmaq lazımdır. Nə arqument, hansı arqument… Bidzinalar, Mişalar gəlib-gedirlər, siz bilirsiz Mişa indi haradadır, bu (Bidzina İvanişvili) da belə qurtaracaq, onu müdafiə etməyin. Mən həmişə "Gürcü arzusu” ilə insan kimi ünsiyyət qurmağa çalışmışam, onlar isə bizi Rusiyaya aparırlar... İndi evdə oturmağın vaxtı deyil, küçələrə çıxmaq lazımdır. Biz onları "Rusiya qanunu” ilə birlikdə küçəyə tullamalıyıq. Bütün bunlardan bezdim və bu rus agenti Mdinaradzenin üzünə yumruq vurdum”.

Deputatın özünün bildirdiyinə görə, davadan sonra o, parlament binasından qovulub.

Yarım saatdan sonra hüquq komitəsinin iclası davam etdirilib. Komitənin sədri Anri Oxanaşvili müxalifətə müraciət edib.

"Mən bütün müxalifətçiləri, eləcə də burada olan hüquq müdafiəçilərini bu şəxsin yaramaz davranışına qiymət verməyə çağırıram. Kim şərh yazmaq istəsə, fürsət verəcəm. Burada törətdiyiniz istənilən təxribata ən sərt cavab veriləcək”, - Oxanaşvili bildirib.

Baş verənləri şərh edən Mamuka Mdinaradze deyib ki, Aleko Elisaşvili "ona xəlvəti yaxınlaşıb” və vurub, bu, "kişilikdən” uzaq hərəkətdir.

Nizami Bağırov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?