Dünya 18:29 17.10.2022

Gürcüstan Rusiya vətəndaşları üçün viza rejiminin tətbiqinə hazırlaşır?

Gürcüstanda Rusiya Federasiyası vətəndaşları üçün ölkədə viza rejiminin tətbiqi məsələsi müzakirə oluna bilər. 

Qaynarinfo "İnterfaks”a istinadla xəbər verir ki, bunu Gürcüstan prezidenti Salome Zurabişvili Kişinyovda Moldova prezidenti ilə birgə mətbuat konfransında deyib.

Zurabişvilinin sözlərinə görə, hazırda rusların Gürcüstana axınının artması ilə bağlı görülən tədbirlər "kafi olmaya bilər”. "Ola bilsin ki, Rusiya vətəndaşları üçün vizalardan danışmaq lazım gələcək, çünki indi hər şey kifayət qədər liberaldır, bu qərarı Gürcüstan hökuməti cəmiyyətlə birlikdə verməlidir”, – Gürcüstan prezidenti bildirib.

O qeyd edib ki, "Gürcüstana köçmüş Rusiya vətəndaşları bizim üçün açıq problemdir”. "İndi həm bizim ölkənin keçmiş vətəndaşları, həm də Rusiya vətəndaşları Gürcüstana gəlirlər. Sərhəddə nəzarət mexanizmləri tətbiq olunur ki, sakinlər üçün təhlükə olmasın”, - Zurabişvili bildirib.

Moldova prezidenti Maia Sandu da öz növbəsində bildirib ki, Ukraynada hərbi əməliyyatlar başlayandan bəri Moldovanın təhlükəsizliyi üçün risklər artıb.
 
Alpər