Dünya 17:50 06.01.2023

Gürcüstan ziyalıları Zelenskiyə müraciət etdi: “Saakaşvilini rus əsirlərlə dəyişin”

Gürcüstanın bir sıra siyasi və ictimai xadimləri Ukrayna prezidenti Volodimir Zelenskidən sabiq dövlət başçısı Mixail Saakaşvilini Rusiya ilə hərbi əsir mübadiləsi proseduruna daxil etməyi xahiş ediblər.
 
Qaynarinfo xəbər verir ki, Vahid Milli Hərəkat Partiyasının deputatı Nona Mamulaşvili müvafiq müraciəti YouTube-da yerləşdirib.
 
Müraciətin lentə alınmasında millət vəkilləri, yazıçılar, biznes nümayəndələri, universitet professorları, jurnalistlər, idmançılar iştirak ediblər.  Onların fikrincə, Saakaşvilinin azadlığa buraxılması üçün Zelenskinin dünya liderləri üzərində kifayət qədər siyasi çəkisi və təsiri var.

"Düşdüyünüz çətin vəziyyətə və üzləşdiyiniz mürəkkəb problemlərə baxmayaraq, biz sizdən Gürcüstanda Rusiyanın nəzarətində olan hökumətin rəhbərliyi ilə danışmağınızı və əsir mübadiləsi əsasında Gürcüstanın üçüncü prezidentinin azad edilməsinə yardım etməyinizi xahiş edirik. Sizdən xahiş edirik ki, gürcü xalqını Saakaşvilinin ölümündən sonra baş verəcək böyük faciədən və vətəndaş qarşıdurmasından xilas edəsiniz. Saakaşvilini xilas etmək mümkün olmasa, bu faciə bizi qardaş Ukraynadan tamamilə uzaqlaşdıracaq. Siz post-sovet məkanının ən güclü liderlərindən birisiniz” – müraciətdə deyilir. 

Gürcüstanın üçüncü prezidentin tərəfdarları Saakaşvilinin əslində Rusiya prezidenti Vladimir Putinin "şəxsi əsirliyində” olduğunu deyirlər. Onlar Gürcüstandakı  hazırkı vəziyyəti "sakit işğal” adlandırır və Zelenskidən "gürcü cəmiyyətini tarixi fəlakətdən xilas etməyi” xahiş edirlər. "Siz hamımıza, postsovet xalqlarına və bütün dünyaya azadlıq mübarizəsinin layiqli nümunəsini və hər şeyin mümkün olduğunu göstərdiniz. Bu gün gürcü xalqı da müharibə şəraitində, o cümlədən ölkəmizin mənafeyinə xəyanət edən hakimiyyətlə müharibə şəraitindədir”, - deyə müraciət müəllifləri vurğulayırlar. 

Saakaşvilinin Ukrayna vətəndaşı kimi əsir götürülmüş ruslarla dəyişdirilə biləcəyi faktını Mamulaşvili dekabrın 27-də GORDON-a verdiyi eksklüziv müsahibəsində bildirib. O, hesab edir ki, bu gün dünya real vaxt rejimində Saakaşvilinin qətlinin xronikasını gözləyir. Ukraynada isə Rusiya vətəndaşı olan bəzi məhbuslar var. Kreml  onların azadlığı naminə bütün addımları atmağa hazırdır. Odur ki, müraciət müəllifləri hesab edirlər ki, Saakaşvilini həmin əsirlərlə dəyişməyə Moskva razı olacaq. 

Nizami Bağırov