Xəbər lenti

Gürcüstana qaçan ukraynalılar Rusiyanın filtrasiya düşərgələrindən danışırlar - Dəhşət
Dünya13:10 13.06.2022

Gürcüstana qaçan ukraynalılar Rusiyanın filtrasiya düşərgələrindən danışırlar - Dəhşət

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qaynarinfo "The Guardian” saytının Rusiyanın ukraynalı qaçqınlar üçün qurduğu filtrasiya düşərgələri bağlı materialını təqdim edir. 
Dindirilmə növbəsi Yelenaya çatanda o, artıq üç həftə idi ki, ac-susz, soyuqda və yerdə yatırdı. Bununla belə, rus zabitin müayinə üçün koftasını çıxarmağı əmr etməsi Mariupol şəhərindəki evindən qaçandan bu yana ona sınağın ən pis rüsvayçılığı kimi görünüb.
"Çiyinlərinizdəki qançırlar sizin snayper olduğunuz anlamına gələ bilər,- Tiflis şəhərindəki kafelərdən birində Yelena deyir. O, dəhşətə gəlib. - Ona dedim ki, bu avqustda mənim 60 yaşım tamam olacaq. Mən necə snayper ola bilərəm?” Zabitin deyəsən vecinə deyildi. "Mən onsuz da eynək taxmıram, üst paltarınızı çıxarın",- zabit deyib.
Gürcüstanda artan Ukrayna qaçqınları arasında qondarma Donetsk Xalq Respublikasının (DXR) Nikolski şəhərindəki filtrasiya düşərgəsindən Yelenanın hekayəsi kimi hekayələr hazırda adi haldır. Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri çoxusu Gürcüstanın şimalındakı Kazbeqi dağlıq sərhədindən keçməklə Gürcüstana 20 minə yaxın ukraynalı gəlib. 
Rusiyanın işğal etdiyi Mariupol və Xerson kimi şəhərlərdən qərbə doğru Ukraynanın nəzarətində olan ərazilərə qaça bilməyən bir çox ukraynalılar dəhşətli dilemma ilə üzləşirlər: mühasirəyə alınmış şəhərlərində qalmaq və ya evlərini dağıdan ölkəyə qaçmaq.
Rusiyaya daxil olmaq üçün bir çox ukraynalı filtrasiya adlanan prosesdən keçmək məcburiyyətində qalır, bu prosesdə onların fotoşəkilləri çəkilir, sorğu-sual edilir, barmaq izləri götürülür və telefonlarının məzmunu diqqətlə yoxlanılır. Kişilərə alt paltarlarını soyunmaq əmri verilir və onların bədənlərində Ukrayna millətçi qrupları ilə əlaqəni göstərən döymələr axtarılır. Hər kəs özlərinin və ya tanıdıqları birinin Ukrayna ordusunda xidmət edib-etmədiyi barədə sorğulanır.
Yelena dindirmə zamanı qonşu masada oturan adamı dindirən mühafizəçinin onun üzərində Ukrayna gerbinin təsviri olan brelok tapdığını xatırlayır. Dörd mühafizəçi kişini dəyənəklə vəhşicəsinə döyüb, başını təpikləyiblər. Daha sonra isə kişini paltarsız halda mənfi temperaturda çölə atıblar. 
Filtrasiya düşərgələri əsasən DXR-də yerləşən şəhər və kəndlərdə, o cümlədən Novoazovsk, Manquş, Bezimennoye və Nikolskoyedə yaradılıb. Mariupoldan avtobusla qaçan ukraynalılar çox vaxt bilmədən filtrasiya düşərgələrinə gəlirlər və burda onlara Ukraynanın nəzarətində olan şəhərlərə göndəriləcəklərini deyirlər. Ancaq onlar gəldikdən sonra adətən şəhəri tərk etmələrinə icazə verilmir.
Filtrasiya adətən iki üsuldan biri ilə başa çatır: ya siz sorğu-sualdan "keçəcəksiniz” və sizə filtrasiya tarixi və nəzarətçinin imzası olan kiçik, möhürlənmiş vərəq veriləcək, ya da növbəti sorğu-sual üçün saxlanılacaqsınız.
"Düşərgələr” məktəblər, mədəniyyət evləri, idman salonları və digər ictimai binalarda yaradılıb. Orada şərait çox vaxt dəhşətlidir və düşərgələr pis təşkil olunur. 65 yaşlı bacısı Tamara və Tamaranın 70 yaşlı əri ilə səyahət edən və digər müsahibə götürülənlər kimi tam adını deməyən Yelena kimi insanlar əvvəlcə yerdə, sonra karton qutuda yatıblar. İlk bir neçə gün yeməkxana onlara gündə bir dəfə yemək verib. Sonra ruslar yeməkxananı bütövlükdə bağlayıblar və deyiblər ki, hər kəs özünə yemək tapsın. 
Mariupoldan olan Maksim və Yuliya üçün də filtrasiya uzun bir sınaq olub. Ancaq onların bəxti gətirib ki, Maksimin sinif yoldaşlarından biri onlara yaxında yerləşən evində qalmağı təklif edib. Onlar bir aya yaxın Manquşda filtrasiyadan keçməyi gözləyiblər. "Növbədəki nömrəmiz 347 idi. İçəri girib bu gün hansı tarix olduğunu soruşursan və rəqəmin cəmi iki və ya üç pillə azaldığını görürsən. Prosesin özü təxminən 30 dəqiqə çəkir. Bəs növbə niyə belə yavaş gedirdi",- Maksim deyir. Maksim hərbi əczaçıya həyat yoldaşının şəkərli diabeti üçün insulinin qurtardığını deyəndən sonra onların növbələri qabağa çəkilib və həmin gün filtrasiyadan keçiblər. Onlar dəhlizdə gözləyərkən Ukrayna ordusu formasında olan bir nəfərin əlləri arxasında bağlı, diz üstə dindirildiyini görüblər.
Digərləri daha qısa gözləmə müddətinin olduğunu bildirirlər, bəzi ukraynalılar Rusiyaya keçməzdən əvvəl filtrasiya düşərgələrində cəmi bir və ya iki gün keçiriblər. Mariupoldan olan 29 yaşlı cütlük İqor və Valentina Nikolskeyə gəldikdən sonra altı saat ərzində filtrasiyadan keçirildiklərini bildirirlər. "O vaxt həyat yoldaşımın doqquz aylıq hamilə olması və mümkün qədər tez xəstəxanaya getməyimiz yəqin ki, işləri sürətləndirməyə kömək etdi",- İqor deyir. 
Sonradan Gürcüstana qaçan ukraynalıların dediklərinə görə, bəziləri geniş yayılmış Rusiya şəhərlərinə məcburi deportasiyadan son anda canlarını qurtarıblar. Janna adlı bir qadın rus məmurun onların ailəsinin, əri və kiçik oğlunun Yaponiya yaxınlığındakı Rusiya adalarından birinə deportasiya ediləcəyini eşitdikdən sonra xəlvətçə filtrasiya mərkəzinin arxa qapısından qaçıb.
Janna və ailəsi filtrasiya sənədləri ilə deyil, yalnız miqrasiya kartları ilə Novoazovskdan Rusiyanın Taqanroquna gedib. Taqanroqdan qatarla Vladiqafqaza, ordan isə Kazbeqi sərhədindən mikroavtobusla Gürcüstana keçiblər.
Digərləri deyirlər ki, zabitlərə konkret Rusiyanın hansısa şəhərinə getmə planları barədə məlumat vermək kifayətdir ki, filtrasiya mərkəzlərini tərk etməyə icazə verilsin. "Onlara Rusiyada qalmaq və yaşamaq istədiyini deməlisən, o zaman səni buraxacaqlar",- Maksim deyir. 
Filtrdən keçmiş ukraynalıları "DXR”-dən Rusiyaya aparan avtobusların əksəriyyəti Taqanroqda dayanır. Orada əksəriyyət Rostov-Don avtobus və ya qatar bileti alır, oradan isə gedəcəkləri yerə nəqliyyat tapa bilirlər. Gürcüstana gələnlər dağ sərhədindən Gürcüstana keçməzdən əvvəl cənubdan Vladiqafqaza gedirlər. Hətta Rusiya sərhədinə çatanda belə onların çıxışına zəmanət verilmir. Kişilər müntəzəm olaraq növbədən çıxarılaraq dindirilir, telefonlarına baxış keçirilir. Petya adlı bir nəfər rus sərhədçilərinə çıxış möhürü müqabilində rüşvət verməyə məcbur edildiyini bildirib.
Hazırda Tbilisidə olan ukraynalıların çoxu vətənə Ukraynaya qayıda bilmək üçün gözləyirlər. "Xaç qızım hələ də Mariupoldadır və mənə hər yerdə yerə xaç yapışdırılmış şəkillər göndərib. Qəbirlər hətta həyətlərimizdə də var, - Yelena deyir. - Mən evə getmək istəyirəm, amma Ukraynaya, ruslar tərəfindən işğal edilən yerə yox”.
Nurlan Hüseynov