"Gürcüstanda prosesin bu həddə çatması əslində gözlənilən idi. Seçki ərəfəsi həmin ölkədə belə qarşıdurmalar əvvəllər də olub və bundan sonra da olacaq".
Bunu Qaynarinfo-ya "Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev son günlər Gürcüstanda Avropa İttfaqı bayrağının yandırılması hadisəsi fonunda gərginliyin artmasını şərh edərkən deyib.
Mehman Əliyev vurğulayıb ki, Gürcüstanda belə olaylar yeni bir şey deyil:
"Hər dövrdə seçki ərəfəsi belə məqamlar baş verir. Bu ölkədə müxalifətdə olanlar qərbpərəst qüvvələrdir. Hakimiyyətdə olanlar isə rusiyapərəstlər hesab edilir. Amma deməzdim ki, hakimyyətdə olanlar birbaşa rusiyapərəstlərdir. Sadəcə, Gürcüstanda iqtidarda olanlar Azərbaycanda olduğu kimi, daha balanslı siyasət aparmağa çalışır. Azərbaycanın apardığı balanslı siyasət ölkəmizin 2020-ci ildə böyük uğuruna gətirib çıxardı. Ermənistanın uduzmasının bir səbəbi də balanslı siyasət apara bilməməsi idi. Əvvəl Rusiya tərəfə meylləndi, sonra isə Qərbə tərəf keçdi".
Həmsöhbətimizin sözlərinə görə, Gürcüstan hakimiyyəti çalışır ki, maksimum dərəcədə balanslı siyasət aparsın:
"Tiflis bu müstəvidə Qərblə normal münasibətləri saxlamaqla Rusiya ilə münasibətləri də gərginləşdirməməyə çalışır. Yəni hazırkı Gürcüstan hakimiyyəti Saakaşvilinin dövründə olduğu kimi, ölkəni sürətli şəkildə Avrop İttifaqı və NATO-ya üzv olmağa doğru aparmır. Bu mənada hazırda Gürcüstanda balanslı siyasətlə radikal Qərbpərəst siyasət arasında mübarizə gedir. Cari il Gürcüstanda parlament seçkiləri olacaq və ona görə də ciddi mübarizənin gedəcəyi gözlənilir. Bu müstəvidə aydındır ki, orada həmin iki qüvvə arasında mübarizə gərginləşəcək. Gürcüstanda Aİ bayrağının yandırılması olayı da məhz həmin prosesin tərkib hissəsidir. Analoji halla bu ölkədəki keçən parlament seçkilərində də baş vermişdi. Hazırkı iqtidarın bu dəfə də qalib gəlmə şansları böyükdür. Düzdür, seçkiyə qədər hər şey baş verə bilər. Necə ki, vaxtilə Saakaşvili dövründə bu baş vermişdi. Həmin vaxt bir video rolikin ortaya çıxması Gürcüstanda gündəmi dəyişdi. Amma bütün hallarda fikrimcə, qonşu ölkədə də balanslı siyasət birtərəfli siyasəti üstələyəcək”.
Qeyd edək ki, Gürcüstanın Aİ-yə namizədliyi statusunun qəbul edilməsi bu ölkədə Rusiyapərəstlərin aktivləşməsinə səbəb olub. Onlar etiraz əlaməti olaraq Avropa İttifaqı bayrağını yandırıblar. Kremlyönlü hərəkatın üzvlərindən Laşa Şaruxiya Mtsxeta şəhərinin administrasiya binasında quraşdırılmış Aİ bayrağını yandırması və buna görə 6 il müddətinə azadlıqdan məhrum edilməsinə cavab olaraq "Alt-İnfo”nun tərəfdarları etiraz kampaniyasına başlayıblar. Onlar nümayişkaranə şəkildə Aİ bayraqlarını yandırıb, lentə alıb və görüntüləri sosial şəbəkələrdə yayıblar.
Rüfət Sultan