Xəbər lenti

Dünya 14:00 06.10.2025

"Gürcüstanda ciddi etirazlar olmayacaq" - Politoloq

"Gürcüstanda keçirilən bələdiyyə seçkilərində seçicilərin böyük əksəriyyəti iştirak etməyib. Bu isə sadəcə müxalifətə deyil, eyni zamanda, hökumətə olan etimadsızlıqdır".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Gürcüstanda başa çatan seçkilərin nəticəsini şərh edərkən deyib.

"Müxalifətin əhəmiyyətli hissəsi seçkiləri boykot edib. Bu isə o deməkdir ki, Gürcüstandakı seçki prosesini tam dolğunluğu ilə müşahidə etmək  mümkün olmayıb. Belə vəziyyət isə əyalətlərdə hakim qüvvələrin seçkidə iştirak rəqəmlərini şişirtmələrinə gətirib çıxara bilər", deyə Natiq Miri bildirib.

Politoloq hesab edir ki, seçkiyə müxalifətin və beynəlxalq təşkilatların nəzarəti olmayıb:

"Bütün bunlar isə hakimiyyətə istənilən nəticəni əldə etməyə imkan verib".

Həmsöhbətimizə görə, prosesin belə bir nəticə ilə sonuclanmasının əsas səbəbi cəmiyyətin aktiv olmaması, müxalifətin dağınıq, parçalanmış vəziyyətdə olması ilə bağlıdır:

"Müxalifət daxilində ortaya çıxaraq xalqı arxasınca aparacaq parlaq lider yox idi. Digər tərəfdən, hakimiyyət qorxu sindromundan istifadə etmək, Gürcüstanı müharibəyə cəlb etmək kimi absurd fikirləri dövriyyəyə buraxmaqla cəmiyyəti yenə də  qorxuda bildi. Habelə, müəyyən yerlərdə guya külli miqdarda silahların tapılması ilə bağlı məlumatlar dərc edilir ki, bunlar da sözügedən prosesin tərkib hissəsi kimi görünür. Yəni bu amil də müəyyən mənada  seçkinin nəticəsində öz rolunu oynayıb".

Ekspertə görə, seçkidən sonra Gürcüstanda müxalifətin ciddi etiraz aksiyalarının olması ehtimalı çox aşağıdır:

"Bundan sonra heç nə olmayacaq. Az sayda radikal etirazçının Prezident sarayına hücum edilməsi hadisəsi heç də xalqın maraqları kontekstində deyil. Bu əslində müxalifətin əleyhinə işləyəcək yanlış hadisə idi. Etiraz aksiyaları başladığı kimi sürətlə də birəcək. İvanaşvili hakimiyyəti bundan sonra da davam edəcək. Proseslə bağlı Avropa İttifaqının ciddi dəstəyini də müşahidə etmədik. Belə dəstək olsaydı, müxalifət prosesdə əhəmiyyətli dərəcədə iştirak edər, ictimai təzyiqi dəfələrlə artırardı. Avropa İttifaqının bəyanatında zor tətbiqindən qaçmağı tövsiyyə edib. Yəni Aİ-nin də mövqeyi prosesə adekvat olub".

Qeyd edək ki, oktyabrın 4-də Gürcüstanda keçirilən bələdiyyə seçkiləri hakim Gürcü Arzusu Partiyasının qələbəsilə sonuclanıb. Əsas müxalifətin seçkini boykot etməsi fonunda keçirilən seçkinin nəticələrinə görə, hakim partiya səslərin 81 faizinə sahib olub. Seçki fəallığı isə 40 faizi aşmayıb. Seçkidən dərhal sonra müxalifət etiraz aksiyalarına başlasa da, həmin düşərgə daxilində də əvvəlki illərin coşqunluğu hiss olunmur. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->