Xəbər lenti

Gürcüstanda etirazlar dərinləşir: Bütün yollar Qərbə aparır (ŞƏRH)
Dünya07:30 22.06.2022

Gürcüstanda etirazlar dərinləşir: Bütün yollar Qərbə aparır (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avropa Komissiyası Ukraynaya və Moldovaya Avropa Birliyinə namizəd statusu verilməsini tövsiyə edib. Komissiyanın Prezidenti Ursula von der Leyen bildirib ki, Ukrayna Avropa dəyərlərinə və standartlarına uyğun yaşamaq istəyini və qətiyyətini açıq şəkildə nümayiş etdirib:
"Lakin Avropa Komissiyası Gürcüstana namizəd statusu verilməsini tövsiyə etməyib. Biz Şuraya tövsiyə edirik ki, Gürcüstana namizəd statusu verməkdənsə, ona Avropa perspektivi versin, onun şərtlərə necə cavab verdiyini dəyərləndirsin”.
Avropa Komossiyasının bu qərarəndan sonra Gürcüstanın paytaxtı Tiflisdə avro-inteqrasiya tərəfdarlarının kütləvi etiraz aksiyaları başlayıb. Bəzi araşdırmaçılara görə, qərar Gürcüstanda siyasi gərginliyi artıra və hətta hakimiyyət dəyişikliyinə səbəb ola bilər. 
Qaynarinfo-ya açıqlamasında politoloq Fərhad Mehdiyev bildirib ki, sözügedən qərar Avropa Birliyi tərəfindən müharibə ilə şərtlənir:
"Gürcüstana təhdid aşağı səviyyədədir. Ukrayna və Moldovaya isə təhdid yüksəkdir. Digər tərəfdən iki il bundan öncə Avropa Birliyinin rəhbəri Şarım Şell Gürcüstanın daxili siyasətində yaranmış böhranda hakimiyyətlə müxalifət arasında vasitəçiliyi üzərinə götürmüş və hətta saziş də imzalamışdı. Bu siyasi böhrandan çıxış istiqamətə yol xəritəsi adlanırdı. Avropa Birliyi bu məsəlkənin həllinə böyük maliyyə sərf etmişdi. Amma 6-7 aydan sonra Gürcüstan hakimiyyəti bu sazişdən çıxmışdı. Rəsmi Tiflis Avropa Birliyi və onun rəhbərini çətin vəziyyətə salmışdı. Görünür, bu amil də söz açdığınız qərarın qəbulunda mühüm rol oynayıb”.
Fərhad Mehdiyev Gürcüstandakı vəziyyətin kifayət qədər gərgin olduğunu vurğulayıb: 
"Gürcüstan əhalisinin böyük əksəriyyəti avro-inteqrasiyaya üstünlük verir. Lakin iqtidar buna tam əməl etmir. Xatırladım ki, Gürcüstan Avropa Birliyi ilə assosiativ münasibətlərə dair sazişi imzaladıqdan sonra da Rusiya ilə münasibətlərdə müsbət dəyişiklərin davam etməsini istəyirdi və bu, ölkədə birmənalı qarşılanmadı. Avropa Birliyinin son addımı Avropa ilə münasibətlər qurmaqda maraqlı olan vətəndaşların indiki hakimiyyətə qarşı çıxması ilə sonuclana bilər. Amma onu nəzərə almaq lazımdır ki, yaxın müddətdə Gürcüstanda parlament seçkiləri keçirilməyəcək. Hakimiyyəti dəyişmək hələ ki, mümkün deyil. Əlbəttə, bu kütləvi aksiyalar dövlət strukturlarının fəaliyyətini iflic vəziyyətə salsa, növbədənkənar parlamet seçkiləri keçirilə bilər. Amma hazırda vəziyyət onu deməyə əsas verir ki, bu nümayişlər dinc xarakter daşıyır və hakimiyyətə hər hansı bir təhlükə törətmir”. 
Bahar Rüstəmli