"Düşünürəm ki, Gürcüstanda yeni prezidentin seçilməsindən sonra müxalifətin etiraz dalğası tədricən zəifləyəcək".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev Gürcüstanda seçilən yeni prezident Mixeil Kavelaşvilinin legitimlik problemi barədə danışarkən deyib.
"Bir neçə səbəbdən "Gürcü Arzusu" hökuməti bu etirazlara davam gətirəcək. Səbəblərdən biri də odur ki, hakimiyyətin də ölkə daxilində güclü dəstəyi var. Amma uzaq perspektivdə gürcü xalqı hakimiyyətin bu addımını, zorakılığı hökumətə bağışlamayacaqlar. Nə zamansa xalq öz həlledici sözünü deyəcək. Lakin yaxın zamanlarda bu gözlənilmir. İndiki mərhələdə iqtidar təpkiyə davam gətirmək gücündədir", deyə Arif Əliyev bildirib.
Ekspert prezident seçkisində də iqtidarın məsələyə ehtiyatlı yanaşdığını düşünür:
"Gürcüstanda prinsipcə heç nə prezidentdən asılı deyil. Qanunvericiliyə olan düzəlişlərdən sonra ölkə prezidentinin səlahiyyətləri xeyli azalıb. Prezident daha çox təmsilçi funksiyasını yerinə yetirən orqandır. Zurabişvili də məhz bu cür təmsilçilik funksiyasını yerinə yetirirdi. Yeni seçilən prezident də həmin funksiyanı yerinə yetirəcək. Amma bir fərq var ki, yeni prezident bu funksiyanı bilavasitə hakim partiyanın tapşırıqları əsasında yerinə yetirəcək. Hərçənd Zurabişvili də əvvəlki dönəmdə vəzifəsinə eyni cür başlamışdı. Sonradan müəyyən fikir ayrılığı yarandı. Bu mənada yeni prezidentin də gələcəkdə Zurabişvilinin etdiklərini təkrarlayacağını gözləmirəm. İqtidar bu dəfə məsələyə ehtiyatlı yanaşıb".
Qeyd edək ki, Gürcüstan nəhayət yeni prezidentini də seçdi. Bu, Mixeil Kavelaşvilidir. Lakin hazırkı prezident Salome Zurabişvili onu və parlamenti legitim hakimiyyət kimi tanımayaraq, kreslosunu tərk etməyəcəyini bəyan edib. Bu isə o deməkdir ki, Zurabişvili ölkənin yeni prezidenti seçildikdən sonra da belə müxalifəti mübarizəni davam etdirməyə çağırır. Bununla belə, etiraz aksiyalarının zəiflədiyi də sezilməkdədir. Belə ki, Kavelaşvilinin seçilməsindən sonra təyin edilən aksiyada cəmi bir neçə yüz nəfər iştirak edib.
Rüfət Sultan
Şərhlər