Bazar günü axşam Tbilisi və Batumidə Avropa tərəfdarlarının keçirdiyi etiraz aksiyalarında daha 20-yə yaxın şəxs saxlanılıb.
Qaynarinfo xəbər vertir ki, bu barədə "Novosti-Gruziya" məlumat
yayıb.
Tbilisidə hadisələr hakimlərin Milad və Yeni il korporativ məclisi keçirdikləri restoran qarşısında cərəyan edib. Etirazçılar həmin binaya gələrək, onları "rejimə xidmət etməkdə" ittiham ediblər.
Restoran xüsusi təyinatlılar tərəfindən qorunub, su şırnaqları hazır vəziyyətdə olub. Hadisə yerində vəziyyət bir neçə dəfə gərginləşib. Sonda hakimlər restoranı polis mühafizəsi altında tərk ediblər.
Aktivistlərdən doqquz nəfər "xırda xuliqanlıq" və "polisin qanuni tələblərinə tabe olmamaq" ittihamı ilə saxlanılıb.
Batumidə səkkiz nəfər saxlanılıb ki, onların arasında "Dəyişikliklər uğrunda" koalisiyasının iki üzvü (onlar daha sonra sərbəst buraxılıb) və yerli "Batumelebi" nəşrinin operatoru Quram Murvanidze də var.
Bundan əvvəl şənbə günü Batumidə təxminən on nəfər saxlanılmışdı ki, onların arasında "Batumelebi"nin qurucusu da olub.
13 yanvar, bazar ertəsi, Gürcüstanın müxtəlif şəhərlərində saxlanılanların azad edilməsi və yeni seçkilərin keçirilməsi tələbi ilə yenidən aksiyalar planlaşdırılır. Tbilisidə aksiyalar parlament binasının qarşısında, Batumidə isə Konstitusiya Məhkəməsinin binasının qarşısında keçiriləcək.
Qeyd edək ki, Gürcüstanda artıq 40 gündən çoxdur ki, ölkənin Avropa gələcəyi və parlament seçkilərinin yenidən keçirilməsi tələbi ilə etiraz aksiyaları davam edir.
Müxalif qüvvələr parlament seçkilərinin nəticələrini və ilk dəfə birbaşa səsvermə ilə seçilməmiş "prezident" Mixeil Kavelaşvilinin inauqurasiyasını tanımayıblar. Kavelaşvili and içdikdən sonra dərhal mitinqlərdə maskalar və pirotexnikanın qadağan edilməsi ilə bağlı qanunları imzalayıb.
Baltikyanı ölkələr, İsveç, Danimarka, İslandiya, Norveç və Finlandiya Gürcüstan hakimiyyətini etirazçılara qarşı zorakılığı dayandırmağa və yeni seçkilərin keçirilməsi imkanını nəzərdən keçirməyə çağırıblar.
Almaniya, Polşa və Fransa Gürcüstan hakimiyyətini müxalifət və vətəndaş cəmiyyəti ilə "səmimi dialoqa" çağırıb.
Alpər
Şərhlər