
Gürcüstanın yeni prezidenti Georgi Margvelaşvili noyabrın 18-də İrakli Qaribaşvilini baş nazir postuna təyin edib.
O, hakim siyasi qüvvənin lideri Bidzina İvanişvilini əvəzləyib. “Media forum” saytının məlumatına görə, İrakli Qaribaşvili yeni hökuməti parlamentin təsdiqinə verib.
Yeni baş nazirin bu həftə hakim partiyaya sədr seçiləcəyi bildirilir. İvanişvili isə siyasəti tərk etmək fikrindədir.
Qaribaşvili 1982-ci ildə Tbilisidə doğulub. Tbilisi Dövlət Universitetinin və Sorbon Universitetinin məzunudur. Beynəlxalq münasibətlər mütəxəssisidir. “Gürcü arzusu” adı ilə tanınan hakim partiyanın qurucularındandır. Ötən ilin noyabrından daxili işlər naziri postunu tutub. Əvvəllər İvanişviliyə məxsus “Cartu Group” şirkətində çalışıb.
Bir neçə dil (ingilis, fransız, rus) bilən Qaribaşvili evlidir, iki övladı var.
Qaynar.info