
Gürcüstanda 27 oktyabrda keçirilən prezident seçkilərini qazandığı iddia olunan Georgi Marqvelaşvili 4 sentyabr 1969-cu ildə Tiflisdə anadan olub.
1992-ci ildə Tiflis Dövlət Universitetinin fəlsəfə və psixologiya fakültəsini bitirib, 1993-1994-cü illlərdə Mərkəzi Avropa Universitetində sosiologiyanı öyrənib. Fəlsəfə doktorudur.
Burada bir haşiyə çıxaq: maraqlıdır ki, Azərbaycanda Mərkəzi Avropa Universitetinin iki məzunu - İlqar Məmmədov və Rəşadət Axundov həbsdədir. Bu universitet Corc Sorosun vəsaiti ilə yaradılıb.
Georgi Marqvelaşvili 1992-1995-ci illərdə turist firmasında gid, nəşriyyatda menecer assistenti işləyib.
1996-1997-ci illərdə Tiflis Müstəqil Universitetində fəlsəfədən dərs deyib.
2000-ci ilədək Milli Demokratik İnstitutda proqram məsləhətçisi olub.
2012-ci ilin oktyabrında Georgi Marqvelaşvili Bidzina İvanişvili hökumətinin təhsil naziri təyin edilib. Amma onun özü heç bir partiyanın üzvü deyil.
Bu ilin fevralında Georgi Marqvelaşvili baş nazirin müavini olub.
11 may 2013-cü ildə hakim "Gürcü arzusu" koalisiyası prezidentliyə onun namizədliyini irəli sürüb.
Georgi Marqvelaşvili bir sıra elmi işlərin və dərs vəsaitlərinin müəllifidir.
Rus və ingilis dillərini bilir.
Ailəli deyil, qızı var.
Musavat.com










